Finlandiya Ukraynaya F-16 qırıcıları üçün silah-sursat verəcək

Ukrayna yaxın vaxtlarda Finlandiyadan F-16 qırıcıları üçün silah-sursat alacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Sherg.az xəbər verir ki, Zelenski Telegram kanalında yaxın günlərdə Ukrayna hərbçilərinin F-16 təyyarələri üçün zəruri sursat əldə edəcəyini bildirib.

“Yaxın günlərdə F-16 üçün silah-sursat alacağıq”, - deyə o qeyd edib.

Finlandiya Müdafiə Nazirliyi bu həftə Ukraynaya 1 milyon avro dəyərində 35-ci hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Qərar Ukrayna tərəfinin müraciətindən sonra sürətləndirilmiş qaydada qəbul edilib. Təchiz ediləcək silahların dəqiq siyahısı açıqlanmayıb.

Zelenski daha əvvəl Ukrayna aviasiyasının Rusiya istehsalı olan reaktiv pilotsuz uçuş aparatlarının yalnız 50–60 faizini ələ keçirə bildiyini bildirmişdi. Bu məqsədlə Ukrayna ordusu, o cümlədən ABŞ istehsalı F-16 və MiQ qırıcılarından istifadə edir.

Ukrayna Prezidenti belə hava hədəflərini məhv etmək üçün zəruri olan 20 millimetrlik sursat ehtiyatlarının azaldığından da şikayətlənib.