Kolumbiyanın yeni prezidenti and içdi

Kolumbiyada 21 iyunda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn sağçı Abelardo de la Espriella and içərək vəzifəsinin icrasına başlayıb.

Sherg.az xəbər verir ki, 48 yaşlı De la Espriella Kali şəhərindəki Santyaqo de Kali Universitetində keçirilən mərasimdə and içib. Daha sonra Pıçinça hərbi bazasına gedərək çıxış edib.

Yeni prezident ölkədəki qanunsuz silahlı qruplara qarşı sərt mübarizə aparacağını bildirib. O, bu qruplarla dialoq imkanının tamamilə tükəndiyini deyərək narkotik terrorizminə və cinayətkar təşkilatlara qarşı amansız mübarizə aparacaqlarını vurğulayıb.

De la Espriella narkotik maddələrin istehsalına qarşı mübarizəni gücləndirəcəyini, həmçinin ölkənin neft və təbii qaz ehtiyatlarını yenidən inkişaf etdirəcəyini açıqlayıb.

Yeni prezident əvvəlki hökuməti dövlət maliyyəsini zəiflətməkdə və korrupsiyaya yol verməkdə ittiham edib. O, korrupsiya ilə mübarizə aparacaqlarını və əhalinin ən həssas təbəqələrini qoruyacaq sosial proqramlar həyata keçirəcəklərini bildirib.