“Kral III Çarlz öldü” anonsu ortalığı qarışdırdı: Radio 16 dəqiqə susdu, himn səsləndi

"Radio Caroline" radiostansiyasında texniki xəta nəticəsində Kral III Çarlzın öldüyünü bildirən əvvəlcədən hazırlanmış səs yazısı efirə verilib.

Sherg.az hadisə “The Barry Marsh Show” proqramı zamanı baş verib. Yanlış anonsun ardından Böyük Britaniyanın milli himni səsləndirilib və təxminən 16 dəqiqə ərzində efirdə səssizlik yaranıb.

Proqramın aparıcısı daha sonra səhvi anlayaraq dinləyicilərdən üzr istəyib. O, yayımlanan məlumatın yanlış olduğunu və bunun texniki problem nəticəsində baş verdiyini bildirib.

Məlumata görə, hadisə stansiyanın studiya kompüterində texniki xidmət aparan əməkdaşın əvvəlcədən yazılmış səs fayllarını açması ilə başlayıb. Əməkdaş bu faylların efirə çıxacağını bilmədən onları səsləndirib.

Hadisə ilə bağlı iki şikayət daxil olub. Tənzimləyici qurum "Radio Caroline"in xəbərlərin dəqiq və qərəzsiz təqdim edilməsi, həmçinin səhvlərin operativ şəkildə düzəldilməsi ilə bağlı iki qaydanı pozduğunu açıqlayıb.

"Radio Caroline" hadisəni “çox ciddi yanlışlıq” kimi qiymətləndirib və belə halın təkrarlanmaması üçün Kralın ölümü ilə bağlı səs fayllarını studiya kompüterindən silib.