- “Rusiya zəifləyir, Mərkəzi Asiyada boşluğu Qərb və Çin doldurur”
- “Lavrov deməsə də, hadisələr öz məcrası ilə inkişaf edir”
Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma və postsovet məkanında təsir uğrunda mübarizə ilə bağlı müzakirələr davam edir. Moskva Qərb ölkələrini müxtəlif regionlarda siyasi proseslərə müdaxilə etməkdə, hakimiyyət dəyişikliyinə yönəlmiş təşəbbüsləri dəstəkləməkdə və Rusiyanın təsir imkanlarını məhdudlaşdırmağa çalışmaqda ittiham edir. Bu dəfə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin geosiyasi siyasətinin Mərkəzi Asiya ölkələri üçün də risklər yarada biləcəyini iddia edib.
Sergey Lavrov Mərkəzi Asiya və Əfqanıstanın təhlükəsizliyinə həsr olunmuş KTMT, ŞƏT və MDB konfransının plenar iclasında çıxışı zamanı dünyanın istənilən ölkəsinin, o cümlədən Mərkəzi Asiyadakı tərəfdaşlarının Qərbin geosiyasi ekspansiyasının və təşkil etdiyi rəngli inqilabların qurbanına çevrilə biləcəyini bildirib. Lavrovun sözlərinə görə, Qərb dövlətləri uzun illərdir Rusiya və Mərkəzi Asiya ölkələrinin sərhədləri boyunca gərginlik ocaqları yaratmağa çalışırlar. O, bu iddialarını Ukraynada davam edən müharibə ilə əlaqələndirərək, yaranmış vəziyyətə görə Qərbi ittiham edib. Moskvanın bu mövqeyi regionda təhlükəsizlik, xarici güclərin siyasi təsiri və postsovet məkanında geosiyasi rəqabət məsələlərini yenidən gündəmə gətirir.
Politoloq Zərdüşt Əlizadə Sherg.az-a bildirib ki, Qərb həmişə istədiyi ərazidə ona uyğun bir hakimiyyət qurmaq üçün müasir texnalogiyalardan və bəzən də rəngli inqilablardan istifadə edib:
“Bu, 2x2 kimi danılmaz bir həqiqətdir. Ən parlaq misal 2014-cü ildə Ukraynadakı Maydan inqilabıdır. ABŞ Dövlət Departamentinin məsul işçisi Viktoriya Nuland gəlib orada peçenye paylayırdı. Sonra da onun Amerika səfiri ilə danışığını Rusiya kəşfiyyatı yayımlamışdı. Viktoriya Nuland deyirdi ki, biz öz hökumətimizi təşkil etməliyik. Səfir Nulanda Avropanın Kliçkonun prezident olmasını istədiyini bildirmişdi. O isə qeyd etmişdi ki, Avropa qələt edir, biz dediyimiz adam olmalıdır. Hətta ABŞ tərəfi açıq yazdı ki, biz son 15 ildə Ukraynada qlobal olmaq üçün 5 milyard dollar xərcləmişik. İndinin özündə də yenə Amerikanın Ukraynanın daxili işlərinə çox açıq şəkildə müdaxilə etdiyini görürük. Tramp bildirir ki, Zelenski ya biz deyəni etməli, ya da getməlidir”.
Politoloq qeyd edib ki, Rusiya tərəfi də az çevriliş hazırlamayıb:
“Lavrovun sözündən belə çıxır ki, Qərbin müdaxilələri pisdir, amma Rusiyanın müdaxilələri yaxşıdır. Məsələn, misal gətirə bilərəm ki, Rumıniyadakı inqilabı sovet KQB-si təşkil etmişdi. Bu, güya yaxşı inqilab idi? Ümumiyyətlə, KQB bütün bu milli münaqişələri təşkil etmişdi. Azərbaycan-Ermənistan münaqişəsi də onların əməli idi. Bunu hamı bilir, sadəcə Lavrov bunu deməz. Rusiya çox istəyir ki, Mərkəzi Asiya dövlətləri yalnız Kremlin təsirində qalsın. Lakin Rusiya unudur ki, daha əvvəlki qədər güclü deyil. Yəni Rusiya zəif bir dövlətdir, dünya sənayesində payı 3 faizdir. Bu səbəblə də əvvəlki təsir imkanları onda qala bilməz. Təbii ki, boşalan yerə başqa qüvvələr daxil olmalıdır. Qərb daxil olur, Çin daxil olur, Avropa çalışır daxil olsun. Lavrov dedi-demədi, onsuz da hadisələr öz məcrası ilə inkişaf edir”.