Merkelsiz Almaniyaya çətin olacaq

O, dünyanın beş ən böyük siyasətçisindən biri idi

Almaniyada seçkilərin ilkin nəticələri açıqlanıb. İlkin nəticələrə görə, Almaniya Sosial Demokrat Partiyası 25.7 faiz səslə 299 seçki dairəsi üzrə qalib gəlib. Kansler Angela Merkelin Xristian Demokrat və Xristian Sosial Birliklər blokunu seçicilərin 24.1 faizi dəstəkləyib. Bəs, Merkeldən sonra Almaniyanı nə gözləyir?

Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki,  kansler Angela Merkelsiz Almaniyaya çətin olacaq. Politoloq qeyd edib ki, çünki Merkel istənilən situasiyada həm ölkədaxili, həm Avropa Birliyi, həm də beynəlxalq aləmdə şərtləri korreksiya edən güclü bir siyasətçi idi: 

"Hətta deyərdim ki, Merkel hər kəslə dil tapan, hər kəslə neytral davranmağı bacaran bir siyasət dahisi idi. O, dünyanın beş ən böyük siyasətçisindən biri hesab olunurdu. A.Merkelsiz Almaniya liderliyini əvvəlki mövqeyində saxlayacağına əmin deyiləm. Amma bir şeyi nəzərə ala bilərik ki, Almaniya dövlət aparatı çox güclü işləyir. Buna görə də rəhbərlikdə Merkel və ya başqasının olmasından asılı olmayaraq son 10 ildə Almaniya dövlətinin siyasi xətti nadir hallarda dəyişir. Ola bilsin ki, indi də eyni cür olacaq. Almaniyada siyasəti olduğu kimi davam etdirməyə çalışacaqlar. Amma Almaniya Sosial Demokratlar Partiyası Avropada müəyyən qədər Rusiyaya yaxınlığı ilə bilinir. Ola bilsin ki, bu məsələ ABŞ, xüsusilə  də Qərb ilə müəyyən problemlər yaratsın".
Aynurə