Rusiyanın Ukraynada apardığı müharibənin başlamasından 4 il keçir. Münaqişənin cərəyan etdiyi dövrdən bugünədək, ölkələr arasında 7 dən çox danışıqlar turu baş tutub. Lakin tərəflər, ərazi bütövlüyü və sərhədlər məsəsilə, təhlükəsizlik zəmanətləri və geosiyasi maraqlar ucbatından ortaq yol tapa bilməyiblər. Xüsusilə də, Donbasın əhatə dairəsinə daxil olan Luqansk və Donetsk vilayətləri illərdir həllini tapmayan problemə çevrilib. İddialara görə, ABŞ və Rusiya arasında 2025-ci il avqustun 15-də Alyaskada keçirilən görüşdə, Prezident Vladimir Putin, müharibənin sona çatması üçün əsas şərt kimi, Ukraynanın Donbas bölgəsindən çəkilməsini qoyub. Həmin gündən etibarən Donbas, tərəfləri qıcıqlandıran mübahisəyə çevrildi. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə ərazi güzəştinin ölkə konstitusiyasına zidd olduğunu bildirib. Ukraynalıların təxminən 75 faizi də Rusiyaya ərazi güzəştinin əleyhinədir. İşğalın ilk günlərində Rusiya Donbas regionu və Krım yarımadası ilə birlikdə Ukrayna ərazisinin təxminən 27%-ni işğal etmişdi. Ancaq 2022-ci ilin dekabrına qədər bu rəqəm 18%-ə düşdü. Rusiya son illər canlı qüvvə çatışmazlığından irəliləyə bilmir. ABŞ, Rusiya ilə sülh müqaviləsinin bir hissəsi olaraq yenidən, Ukraynaya təhlükəsizlik zəmanəti təklif edib. Təklifə görə, Kiyev Donbası Moskvaya güzəştə getməlidir. Trampın təzyiq siyasətini tənqid edən Zelenski, qoşunların çıxarılmasını Ukrayna ilə Avropanın təhlükəsizliyinə risk adlandırıb.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Zelenski üçün Donbası güzəştə getmək son dərəcə çətin və riskli qərar olardı:

“Çünki Donbas Ukraynanın suveren ərazisidir. Digər tərəfdən isə Ukrayna cəmiyyətində “ərazi güzəşti” ideyası qəbul edilmir. Xüsusilə də, Rusiya-Ukrayna müharibəsi fonunda milli müqavimət və suverenlik məsələləri daha həssas xarakter alıb. Zelenski, daxili legitimlik məsələsinə xüsusi diqqət ayırır. Çünki Donbasın güzəştə getməsi onun siyasi mövqeyini zəiflətməklə yanaşı, daxili sabitliyə də mənfi təsir göstərəcək. Digər tərəfdən, Ukraynanın ABŞ və Avropa ölkələrindən asılılığı, kompromis imkanlarını nəzəri baxımdan açıq saxlayır. Lakin Ukraynanın atacağı hər hansı güzəşt addımı, etibarlı təhlükəsizlik təminatları ilə müşayiət edilməlidir”.
Politoloqun sözlərinə görə, təminatlar inandırıcı və uzunmüddətli olmazsa, Kiyev geri addım atmağa məcbur olacaq:
“Donbas uğrunda mübazirənin kəskinləşməsi regionun həm iqtisadi, həm də geosiyasi baxımdan strateji əhəmiyyətə malik olması ilə bağlıdır. Donbas, Ukrayna üçün tarixən ağır sənaye, kömür və enerji istehsalının mərkəzlərindən biri olub. Regionun itirilməsi ölkənin iqtisadi potensialına zərbə vuracaq. Bundan əlavə, ərazi bütövlüyü məsələsi prinsipial xarakter daşıyır. Hər hansı güzəşt digər separatçı qüvvələr üçün presedent yarada bilər. Rusiyanın mövqeyinə görə Donbas, siyasi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edir. Vladimir Putin isə regionla bağlı siyasətini rusdilli əhalinin müdafiəsi kimi qələmə verərək, daxili və beynəlxalq auditoriya qarşısında legitimlik qazanmağa çalışır. Eyni zamanda Donbas, Ukraynanın şərqində Rusiyanın təsir zonasını qoruyan “bufer” rolunu oynayır”.
R.Bayramov vurğulayıb ki, ABŞ-nin Rusiyaya meyilli təkliflərlə çıxış etməsi, geosiyasi realizm yanaşmasından irəli gəlir:
“Vaşinqton üçün əsas məqsəd, münaqişənin sonsuz şəkildə uzanmasının qarşısını almaqdır. Çünki müharibə həm maliyyə, həm də siyasi baxımdan ABŞ və Avropa üçün əlavə yükə çevrilib. Artıq Vaşinqtonun strateji diqqəti, Çin ilə rəqabətə yönəlir. Bu baxımdan Avropadakı müharibənin idarə olunan səviyyəyə endirilməsi əsas prioritet sayılır. Digər mühüm amil, Rusiya ilə birbaşa eskalasiya riskini, xüsusilə nüvə qarşıdurması ehtimalını minimuma endirməkdir. ABŞ xarici siyasətdə ideal nəticələrdən çox, praktik və idarəolunan kompromislərə üstünlük verən praqmatik yanaşma sərgiləyir. Donbas, tərəflər üçün sadəcə coğrafi ərazi deyil, daha geniş strateji və siyasi simvolizmə malik bir regiondur. Bir sözlə, mövcud vəziyyətdə Zelenskinin bu təkliflə razılaşması mümkün görünmür”.