Meçernixdəki (Şimali Reyn-Vestfaliya) Bundesver bazası üzərində naməlum dronlar aşkar edilib. Bu bazada nəhəng silah və ehtiyat hissələri anbarı yerləşir və Patriot hava hücumundan müdafiə sistemləri təmir olunur.
Teleqraf xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məxfi polis hesabatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, özəl təhlükəsizlik firmasının əməkdaşları altı naməlum PUA uçuşunu qeydə alaraq dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin böyük bir dronu da görüblər və hətta başlarının üstündə qısa müddətə dövrə vurduğunu da bildiriblər. Hərbi polis bunun qanadlarının uzunluğu 3,80 metrə qədər olan Fly-380 VTOL dronu olduğunu düşünür. O, saatda 150 km-ə qədər sürətə və 400 km-ə qədər məsafəyə çata bilir.
Dron uçuşlarının arxasında kimin dayandığı hələ də məlum deyil.
Hüquq-mühafizə orqanları tədqiqat işləri üçün istifadə edilən dronun gecə saatlarında baza üzərində təsadüfən uçması ehtimalını istisna edir. Polis hərbi obyektlərin icazəsiz çəkilişində şübhəli bilinərək iş açıb. Hərbi əks-kəşfiyyat (MAD) və Berlindəki Birgə Dron Əks-Tədbirləri Mərkəzi araşdırmaya cəlb olunub.
Bundesver Əməliyyat Komandanlığı hadisəni nəşrə təsdiqləyib. Hərbçilərin məlumatına görə, ən azı iki dron müşahidə edilib.