Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) maliyyə çatışmazlığı səbəbindən Qəzzada 500 min fələstinliyə göstərilən yardımı dayandıracağını açıqlayıb.

Sherg.az xəbər verir ki, təşkilatın məlumatına görə, 2025-ci ilin oktyabrında atəşkəs elan edildikdən sonra hər ay təxminən 1,6 milyon insana ərzaq və humanitar yardım çatdırılırdı.

Bu ay yardım alanların sayının 1,1 milyona endirilməsi, gündəlik isti yemək paylanmasının isə 250 mindən 150 min nəfərə qədər azaldılması planlaşdırılır. İşğal altındakı İordan çayının qərb sahilində də maliyyə çatışmazlığı səbəbindən yardım alanların sayı 400 mindən 200 minə endiriləcək.

Qəzzada qış ərəfəsində humanitar vəziyyət daha da ağırlaşır. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) hesabatına əsasən, bölgədəki 2,3 milyon əhalinin təxminən 1,9 milyonu müvəqqəti çadırlarda yaşayır. Ərazidə cəmi 2 300 yaşayış üçün yararlı binanın qaldığı, ağır zədələnmiş və uçmaq təhlükəsi olan təxminən 4 min binada da mülki şəxslərin sığındığı bildirilir.

Qəzzada çadır düşərgələri üçün ayrılmış 400 ərazidən 217-si güclü yağışlar zamanı daşqın təhlükəsi ilə üz-üzədir. Bu ərazilərdəki çadırlarda təxminən 235 min nəfər yaşayır. Hesabata görə, çadırlarda məskunlaşan bir milyondan çox insanın təcili olaraq başqa sığınacaqlara köçürülməsinə ehtiyac var. Mövcud humanitar yardım isə ehtiyacların yalnız 17 faizini qarşılayır.