Rusiyada aviabiletlərə yeni rüsum tətbiq oluna bilər

Rusiyada yerli istehsal olan yeni təyyarələrin lizinq və texniki xidmət xərclərinin bir hissəsini qarşılamaq üçün sərnişinlərdən əlavə “avia-sənaye” rüsumunun tutulması təklif olunur.

Sherg.az xəbər verir ki, hazırda bu məsələ aidiyyəti qurumlar və aviasiya sənayesinin nümayəndələri arasında müzakirə edilir və bununla bağlı konkret qərar qəbul olunmayıb.

Mümkün rüsumun daxili reyslərdə 500-700 rubl, beynəlxalq uçuşlarda isə 1000 rubldan çox ola biləcəyi bildirilir.

Rusiya Maliyyə Universitetinin professoru Sergey Tolkaçov hesab edir ki, belə rüsum tətbiq edilərsə, bu, yeni təyyarələrin istismar xərcləri azalana qədər müvəqqəti xarakter daşıya bilər.

Qeyd edək ki, Rusiyanın MS-21 və SJ-100 təyyarələrinin istismara verilməsi planlaşdırılır. “Aeroflot”un 2027-2028-ci illərdə ilk 18 MS-21 təyyarəsini alacağı gözlənilir.