Saqqal qırxdırmaq, bərbərxanalara getmək qadağandır

"Taliban"ın tələblərinə qarşı çıxan istənilən etirazı zorla yatıracaq

Hərəkatın prinsiplərindən geri çəkilməsi mümkün görünmür


Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı əfqan kişilərinə saqqallarını qırxmağı və bərbərxanalara getməyi qadağan edib. “Taliban” bu qərarı islam “normaları”nın tələbləri ilə izah edib. Bu barədə yerli “Ettelaat” qəzeti Helmand əyalətinin məlumat və mədəniyyət şöbəsinin müdiri Hafiz Rəşid Helmandiyə istinadən məlumat yayıb. 

Hafiz Rəşidin sözlərinə görə, ötən həftənin sonunda bölgədə qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur. Helmandın özündə, əvvəllər olduğu kimi, cənub-şərqdəki Qəndəhar əyalətində də musiqiyə qadağa qoyulub.

"Taliban"ın qoyduğu qadağalara münasibət bildirən araşdırmaçı-jurnalist, siyasi şərhçi Kənan Rövşənoğlu "Şərq"ə açıqlamasında vurğulayıb ki, dünya onsuz da onun hansı xəttin davamçısı olduğunu bilirdi. Ekspert hesab edir ki, "Taliban" Əfqanıstandakı etirazlara rəğmən bu cür qərarlara olan etirazları zorla yatıracaq:

 "Taliban" onsuz da Əfqanıstanı silah gücünə ələ keçirib. Çox güman ki, bu cür qərarlara etirazları da zorla yatıracaq. Hər hansı etirazın nəticə verəcəyini də düşünmürəm. Dünya onsuz da "Taliban"ın hansı xəttin davamçısı olduğunu bilirdi. Əlbəttə, "Taliban" yumşalma açıqlamaları ilə müəyyən mənada dünyadan neytrallıq umurdu. Amma özünün xəttindən geri çəkiləcəyi inandırıcı deyildi. "Taliban"ın əsas güzəşti olsa-olsa müəyyən siyasi mövzularda ola bilər. Ümumiyyətlə, hərəkatın prinsiplərindən geri çəkilməsi mümkün deyil".

Aynurə