Serbiyanın Avropa İttifaqına inteqrasiya prosesində Brüsselin tələblərinə uyğun olaraq Rusiya ilə viza rejiminin tətbiqi məsələsi müzakirə edilir.
Sherg.az xəbər verir ki, bu barədə Serbiya parlamentinin Diaspor və Region Serbləri Komitəsinin sədri Draqan Stanoeviç bildirib.
Onun sözlərinə görə, Aİ-yə üzvlüklə bağlı tələblər paketinə Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi də daxildir və bu addımın 2026-cı ilin sonunadək həyata keçirilməsi ilə bağlı çağırışlar səslənir.
Stanoeviç hesab edir ki, belə bir qərar Serbiya cəmiyyətində narazılıq yaradacaq və hakimiyyət buna getməyəcək. O vurğulayıb ki, ölkənin Aİ-yə üzvlüyü hələ uzaq perspektivdir və vizasız rejimin ləğvi hakimiyyətin əhali arasında dəstəyini ciddi şəkildə zəiflədə bilər.
Qeyd edək ki, bundan əvvəl Serbiya parlamentinin sədri Ana Brnabiç Moskva ilə Belqrad arasındakı münasibətlərin qardaşlıq münasibətləri adlandırıla bilməyəcəyini bəyan etmişdi.