Sona Qazaryan: “Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir

“Vətəndaşlar artıq sülhün nəticələrini hiss edə bilirlər, bu, Ermənistanla Azərbaycan cəmiyyətləri arasında təmasların inkişaf etdiyini göstərir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sona Qazaryan 2025-ci il avqustun 8-də Sülh Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə jurnalistlərə açıqlamasında deyib.

“Biz, bütün vətəndaşlar sülhü hiss edə bilirik. İki cəmiyyət arasında təmasların olduğunu görürük. Ticarət sövdələşmələrinin baş verdiyini görürük, bu göstərir ki, sülhdən hər iki tərəf faydalanır və hər iki dövlət sülhdə maraqlıdır”, - Qazaryan bildirib.

TRIPP layihəsinin (“Tramp marşrutu”) icrası prosesinə toxunan deputat ABŞ-nin yüksək vəzifəli rəsmilərinin Ermənistana səfərlərini xatırladıb:

“Müxtəlif müzakirələr aparılıb. ABŞ TRIPP-ə ayırdığı büdcəni iki dəfə artırıb, artıq direktor təyin olunub. Bu, işlərin fəal şəkildə aparıldığını göstərir”.