"Supermen"in macəralarından bəhs edən ilk komiksin nüsxəsi Amerikada hərracda 9,12 milyon dollara satılıb.
Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Nüsxə indiyədək hərracda satılan ən bahalı komikslərdən biri olub.
1939-cu il tarixli orijinal buraxılışı San-Fransiskodan olan üç qardaş ötən il, mərhum analarının evinin çardağını təmizləyərkən tapıblar. Onlar karton qutu içərisində, köhnə qəzetlər və hörümçək torlarının arasında altı komiks tapıblar. Onların arasında "Superman №1" də olub.
Komiks heyrətamiz dərəcədə yaxşı vəziyyətdə qalıb. "Heritage Auctions" nümayəndələri bildiriblər ki, Şimali Kaliforniyanın sərin iqlimi bu cür köhnə kağızların qorunmasında böyük rol oynayır. Nüsxənin vəziyyəti 10 ballıq şkala üzrə 9,0 bal ilə qiymətləndirilib ki, bu da əvvəlki rekorddan (8,5 bal) yüksəkdir.
Qeyd edək ki, qardaşların anası bu komiksləri Böyük Depressiya və İkinci Dünya Müharibəsi arasında alıb və oğullarına daim dəyərli kolleksiyası olduğunu desə də, heç vaxt göstəməyib.
Xatırladaq ki, ötən il "Supermen"in ilk dəfə göründüyü 1938-ci il tarixli "Action Comics №1" komiksi 6 milyon dollara satılmışdı.