Tehran İsraili İrana qarşı zərbələrə qoşulmamağa çağırdı

İran İsraili ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara qoşulmamaq barədə xəbərdar edib.

Sherg.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr bildirib.

Onun sözlərinə görə, İranın infrastrukturuna ediləcək hər hansı hücum eyni şəkildə cavablandırılacaq və İsrail cavab tədbirlərindən yayınmayacaq.

Bəyanat İsrail mətbuatında ölkənin ABŞ-la birlikdə İrana yeni zərbələr endirməyə hazır olduğu barədə məlumatların yayılmasından sonra səsləndirilib.

Xatırladaq ki, ABŞ ordusu iyulun 8-9-da İrana qarşı silsilə hava zərbələri endirib. Vaşinqton bunu Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı İranın fəaliyyəti ilə əlaqələndirib. Buna cavab olaraq İran ABŞ-nin Küveyt, Bəhreyn və İordaniyadakı hərbi bazalarını hədəfə alıb.

Bu, tərəflər arasında iyun ayında əldə olunmuş atəşkəs razılaşmasından sonra baş verən ikinci ciddi gərginlik kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl atəşkəsin artıq qüvvədə olmadığını bəyan edib.