Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi

ABŞ Prezidenti Donald Tramp ölkənin silah ehtiyatlarının azalmasına görə keçmiş prezident Co Baydeni günahlandırıb.

Sherg.az xəbər verir ki, Tramp “Real America's Voice” radiosuna müsahibəsində ABŞ ordusunun bütün zəruri silah və sursatla tam təmin olunduğunu bildirib. Onun sözlərinə görə, ehtiyatların azalmasının əsas səbəbi Bayden administrasiyasının Ukraynaya ümumilikdə 300 milyard dollar dəyərində sursat verməsidir.

Bundan əvvəl Bloomberg ABŞ-ın İranla münaqişə fonunda silah ehtiyatlarının rekord dərəcədə aşağı düşdüyünü yazıb. Bildirilir ki, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər, THAAD komplekslərinin ələkeçiriciləri, eləcə də ATACMS və PrSM uzaqmənzilli raketlərinin ehtiyatları ciddi şəkildə azalıb.

Tramp ABŞ ordusunda raket çatışmazlığı barədə məlumatları isə “xəyanətkar” adlandıraraq, belə məlumatların ölkənin təhlükəsizliyinə zərər vurduğunu və günahkarların uzunmüddətli həbs cəzaları ilə cəzalandırılacağını bildirib.