Türkiyədə işsizlik səviyyəsi artıb?  - İqtisadçı

Dəqiq, əhatəli araşdırma statistikanı dəyişib
Türkiyədə iyun ayında işsizliyin səviyyəsi 0,1 faiz artaraq 9,6 faiz təşkil edib.
Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
İyun ayında ölkədə 15 yaşdan yuxarı olan işsizlərin sayı may ayı ilə müqayisədə 2 min nəfər artaraq 3 milyon 337 min nəfərə çatıb. İşsizlik nisbəti kişilər üçün 7,8 faiz, qadınlar üçün 13,2 faiz təşkil edib.
  Mövzu ilə bağlı “Sherg.az"a açıqlama verən  iqtisadçı-ekspert  Fuad İbrahimov bildirib ki, Türkiyədə turizm vaxtında işsizliyin səviyyəsinin rəsmi olaraq artması inandırıcı deyil. Əslində Türkiyədə işsizliyin səviyyəsi artmayıb, sadəcə olaraq statistik araşdırma daha detallı və şəffaf şəkildə baş verib. Əvvəlki illər işsizliyin səviyyəsi bundan qat-qat çox olub: 
"Türkiyədə seçkilərdən sonra statistik məlumatların daha detallı şəkildə araşdırması gedir. İşsizliyin səviyyəsinin artması ilə bağlı yayılan xəbərlərin daha əhatəli, dəqiq araşdırmaların nəticəsi ilə əlaqələndirirəm".
  Ekspert vurğulayıb ki, Türkiyədə son dövrlərdə müəyyən iqtisadi çətinliklər yaşandı:" Ölkədə baş verən zəlzələ ölkə iqtisadiyyatına da  təsirsiz ötüşmədi. Lakin bu çətinliklərin ilin üçüncü rübünün sonuna doğru səngiyərək dördüncü rübdən etibarən gözlə görülən şəkildə aradan qalxacağı proqnozlaşdırılır. Görülən tədbirlər indi effekt verməsə də, dediyimiz dövrlərə öz təsirini göstərəcəkdir. Türkiyədə turizm, xidmət sektoru və digər sektorlarda sürətli inkişafın müşahidə edildiyi bir dövrdə işsizliyin artmasına deyil, əksinə, azalmasına şahid olacağıq".