- Ekspert Ukrayna-Rusiya müharibəsi ilə bağlı maraqlı proqnozlar verib
“Son bir il ərzində Ukrayna ordusu Rusiyanın quru qoşunlarının irəliləyişini böyük ölçüdə dayandıra bilib, bəzi istiqamətlərdə isə əks-hücumlar həyata keçirərək rus qüvvələrini geri çəkilməyə məcbur edib. Rus ordusu hələ də Donbas bölgəsini tam nəzarətə götürə bilməyib”.
Sherg.az xəbər verir ki, bu barədə kriminalist- ekspert İlqar Altay məlumat verib.
Ekspert qeyd edib ki, son aylarda pilotsuz uçuş aparatlarının tətbiqi Ukraynanın üstünlüyünü nümayiş etdirib. Onun fikrincə, Ukrayna dronları Rusiyanın arxa cəbhəsində yerləşən hərbi və infrastruktur obyektlərinə ciddi zərbələr endirərək qarşı tərəfə əhəmiyyətli itkilər yaşadıb:
“Lakin raket müharibəsində isə üstünlük hələ də Rusiyanın tərəfindədir. Son aylarda Rusiya Ukraynanın hərbi və sənaye infrastrukturuna, eləcə də Kiyev və digər şəhərlərə intensiv raket zərbələri endirərək geniş dağıntılara və insan tələfatına səbəb olur. Ukraynanın əsas problemlərindən biri "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatının azalmasıdır. Sistemlər mövcud olsa da, onların istifadəsi üçün lazım olan raketlər ciddi şəkildə çatışmır. Bir "Patriot" batareyasının dəyəri 1 milyard dollardan artıqdır, hər bir raketin qiyməti isə təxminən 3-12 milyon dollar arasında dəyişir”.
O, raket qıtlığının əsas səbəblərindən biri kimi ABŞ-İran qarşıdurmasını göstərib. Ekspertin fikrincə, ABŞ həmin dövrdə böyük sayda "Patriot PAC-3" raketindən istifadə edib və bu da ehtiyatların azalmasına səbəb olub:
“Bundan başqa, bəzi hallarda bahalı "Patriot" raketlərinin daha ucuz pilotsuz uçuş aparatlarını məhv etmək üçün istifadə olunması resursların səmərəsiz xərclənməsi ilə nəticələnib. Digər mühüm problem Rusiyanın "İskəndər" raket komplekslərinin məhv edilməsinin çətinliyidir. Bu mobil qurğular raket buraxılışından əvvəl yerlərini tez-tez dəyişir, qısa müddətdə atəş açaraq mövqelərini tərk edirlər. Bu isə onların əvvəlcədən müəyyən edilərək zərərsizləşdirilməsini xeyli çətinləşdirir”.
İ. Altay qeyd edib ki, hazırda Ukrayna, NATO və Qərb ölkələri bu çatışmazlıqların aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərirlər: “Ukraynanın "Fire Point" şirkəti avropalı tərəfdaşlarla birlikdə "Freya" adlı yeni raketdən müdafiə sistemi üzərində işləyir. Eyni zamanda, Ukraynanın "FP-9" və "Sapsan" ballistik raketləri son sınaq mərhələsindədir. Bundan əlavə, Türkiyənin də Ukraynaya hərbi dəstəyini artırdığı bildirilir. Ukrayna hazırda həm öz hava-raket müdafiəsini gücləndirməyə, həm də uzaqmənzilli raket imkanlarını artırmağa çalışır. Hesab edirəm ki, payız aylarında Ukraynanın Rusiyanın dərinliklərində, o cümlədən Moskvaya qarşı daha genişmiqyaslı zərbələr endirmək imkanları artacaq”.