Azərbaycan dastanlarında antroponimlərin təsnifi, semantikası epik abidənin diaxron səviyyədə tədqiqinə və xalqımızın etnik-mədəni təfəkkürünü bərpa etməyə imkan verir. Antroponimlər folklor mətnlərinin əsas komponentləridir, onun canlı toxumasını təşkil edir, emosional-akspressiv, üslubi, onomopoetik funksiyalar yerinə yetirir. Məhəbbət dastanlarında onomastik vahidlərin semantik-üslubi xüsusiyyətləri, adların etimologiyası, epik təhkiyədə funksionallığı, irfani-sufi düşüncəsi ilə, astroloji diskursla folklor poetikasının əsas problemlərindən biri kimi özünü göstərir.
Azərbaycan qəhrəmanlıq və məhəbbət dastanları fərqli semiotik kodları və strukturları olan folklor hadisələrdir. Fərqli dünya modelləri formalaşdıran, fərqli semiotik kodları əks etdirən mifoloji və tarixi strukturların, o cümlədən qəhrəman tiplərinin, şəxs adlarının izahı isə fərqli yanaşmalar tələb edir.
Reyhan Dadaşovanın bu günlərdə çapdan çıxmış “Azərbaycan dastanlarının folklor semantikası” adlı dərs vəsaitində də “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Tahir və Zöhrə”, “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Qurbani” və s. dastan nümunələri əsasında aparılan təhlillər bunların örnəyi kimi diqqət önünə gətirilir. Dərs vəsaitində arxaik təsəvvürlərdən günümüzə qədər gələn müxtəlif mətn informasiyalarının işarələdiyi struktur elementləri sistemli şəkildə açılma məqsədi daşıyır. Adqoyma və adalma, mif arxetipi, qəhrəmanların sosial statusu, təsəvvüf diskursu, sakral adlar, toplum və dövlət təsəvvürləri, müqəddəs dəyərlərin qorunuşu, tabuların sərgilədiyi məzmun və s. konkret nümunələr əsasında təhlil olunur.
Dərs vəsaiti Azərbaycan dastanlarında şəxs adlarının folklor semantikasına həsr edilmişdir. Vəsaitin birinci fəsli “ Kitabi Dədə Qorqud”da epik qəhrəmanın adı və sosial statusu” adlanır. Bu fəsildə Oğuz eposunda zərf adı motivləri və titul sisteminə aid edilir. Dədə Qorqud adı arxetipik mifik personaj kimi təhlil edilir. Kitabın ikinci fəsli “Koroğlu” eposu: epik informasiya və mədəni qəhrəman arxetipi” adlanır. Burada epik personajların ləqəbləri mifoloji şüurun mücəssəməsi kimi təqdim olunur. Üçüncü fəsil “Məhəbbət dastanlarının mətn semantikası” adlanır və sevgi haqqında Azərbaycan əfsanəsinə həsr olunub. Bu fəsildə dastanlarda şəxs adlarının müqəddəsliyindən bəhs edilir. Müəllif təhlil əsasında belə nəticəyə gəlir ki, şəxs adlarının sakrallığı sufi kontekstində şərtlənir.
Kitabda Azərbaycan xalq dastanlarındakı antroponimlər tematik qruplar üzrə təsnif edilir, bu adların ritual-mifoloji, sufi semantikası və magik funksiyası öyrənilir. Şəxs adlarının insan-təbiət, fərd-toplum, özünkü-yad, sakral-profan və s. münasibətlər zəminində eposdakı funksiyası nəzərdən keçirilir. Personajların mənfi və ya müsbət xarakterini bəlli edən epitetlər də xalqın dünyagörüşü, inamları, ənənəvi həyat tərzi və mədəniyyəti kontekstində diqqətə alınır. Tarixin axarında qəhrəmanlıq dastanlarının yerinə məhəbbət dastanlarının populyarlıq qazanması ilə Azərbaycan dastan antroponomikasının dəyişməsi və bu dəyişməyə səbəb olan amillər tədqiq olunur. Azərbaycan məhəbbət dastanlarının yaradıcısı və ifaçısı olan aşıqların islam dini-mistik ordenlərinə bağlantısının epik qəhrəman tipinin müəyyənləşməsində rolu və bunun şəxs adları səvyiyyəsində təzahürü araşdırılır.
Dərs vəsaitinin əsas məqsədi Azərbaycan xalq dastanlarında şəxs adlarının funksional semantikasının öyrənilməsi, dastanlarda onomastik vahidlərin məna imkanlarını üzə çıxarmaqdır. Azərbaycan dastanlarında şəxs adlarının təsviri, semantikası və onların funksional imkanlarının tədqiqi, müxtəlif diskurslarla (epik, ritual islam) əlaqəsi və s. araşdırmanın məqsədinə daxildir. Dastanlarında adların semantik təhlili dastanın işarə dünyasını–semiosferasını bərpa etməyə imkan verir.
Kitabda “Kitabi-Dədə Qorqud”da adların onomastik məkanı, onomastik vahidləri “sistem içində sistem” kimi müəyyənləşdirilir. Bundan başqa onomastika dastanların poetik sisteminin mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir, epik mətnlərdə onimlərin rolu və funksiyasını üzə çıxarılır. Burada adların etnik-tarixi yaddaşla əlaqəsi əsaslandırılır, onları etnik mədəniyyətin tərkib hissəsi kimi öyrənilir. Xüsusi adlar vasitəsilə dastan qəhrəmanlarının “tale mətni”, “Kitabi-Dədə Qorqud”da və “Koroğlu”da titul və ləqəblərin dastan semiotikasında təhlili verilir.
Ümumiyyətlə Reyhan Dadaşovanın “Azərbaycan dastan folklor semantikası” adlı dərs vəsaitində dastan onomastikasının tədqiqi iki aspektdə maraq doğurur: birincisi, leksik tərkib baxımından, tarixi, dini, etnoqrafik realilər haqqında informasiyanı ehtiva edən kod kimi nəzərdən keçirilir; ikincisi, onomastikanın poetik leksika ilə münasibətinə diqqət yetirilir.
Azərbaycan dastanlarının onomastik sisteminin öyrənilməsi sakral düşüncə ənənəsini, mifoloji obrazın strukturunu bərpa etməyə imkan verir. Çünki, dastan antroponimlərinin struktur-semantik təhlili mifoloji dünya mənzərəsini təsəvvür etməyə kömək edir. Dilin başqa vahidləri içərisində adlara Reyhan Dadaşovanın bu qədər diqqət yetirməsinin bir səbəbi də məhz bununla bağlıdır: dastan onomastikası, qəhrəmanların adları daha çox etnik-mədəni informasiya ilə zənginləşməsidir.
Müəllifin işə sistemli yanaşması metodu epik mətnlərdə ad yaradıcılığını, onomastik vahidləri “sistem içində sistem” kimi nəzərdən keçirməyə imkan verir. Qəhrəmanlıq və məhəbbət dastanlarında adlar tarixi, müqayisəlitipoloji səviyyədə öyrənilir, linqvistik və folklor araşdırmalarının paralelliyi sahələrarası inteqrasiyanı təmin edir.
Ümumiyyətlə, dərs vəsaitində dastanların onomastik sisteminin öyrənilməsi həm metodoloji, həm də nəzəri əhəmiyyət daşıyır, bütövlükdə dastanların estetik mahiyyətini də anlamağa imkan verir.
Məlahət Babayeva.
ADPU, Ədəbiyyat kafedrasının dosenti