Maradonanın "Tanrının əli" ilə vurduğu top fantastik qiymətə hərraca çıxarılır

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın Meksikada keçirilmiş 1986-cı il dünya çempionatında Argentina və İngiltərə yığmaları arasındakı matçda əli ilə qol vurduğu topu ABŞ-də hərraca çıxarılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Bildirilib ki, təşkilatçılar bu əşyanı 10 milyon dollardan baha qiymətə satmağı planlaşdırırlar.

Hərrac avqustun 21-dən 23-dək keçiriləcək. Lotun ilkin satış qiyməti 2.5 milyon dollar müəyyən edilib. "Heritage Auctions" hərrac evi topun yekun dəyərinin səkkizrəqəmli məbləğə çatacağını ehtimal edir.

"Heritage Auctions"un vitse-prezidenti Den İmlerin sözlərinə görə, bu, futbol dünyasının ən böyük tarixi əhəmiyyətə malik topudur. O əlavə edib ki, Maradonanın həmin oyunda vurduğu hər iki qol futbol tarixinə əbədi olaraq həkk olunub.

Qeyd edək ki, sözügedən qarşılaşma dünya çempionatının dörddəbir final mərhələsi çərçivəsində Mexikonun "Asteka" stadionunda baş tutub. Maradona İngiltərənin qapısına topu əli ilə daxil etsə də, hakim qayda pozuntusunu qeydə almayaraq qolu hesaba alıb. Oyundan sonra argentinalı ulduz futbolçu topun qapıya "bir az Maradonanın başı, bir az da Tanrının əli" vasitəsilə daxil olduğunu bildirib. Həmin görüşdə 2:1 hesabı ilə qalib gələn Argentina millisi sonda dünya çempionu adını qazanıb.