"Turan Tovuz"ın Avropa şoku: Keçmiş AFFA rəhbərliyi cavab verməlidir - İdman eksperti

"Eyni zamanda indiki AFFA rəhbərliyi də bu məsələdə "Turan Tovuz" klubuna kömək etməlidir"

UEFA “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklarda iştirakdan kənarlaşdırıb.

Bu barədə Tovuz klubu məlumat yayıb.

“2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, “Turan Tovuz” tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazanılan Konfrans Liqasında iştirakın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq. 

İdman eksperti Kənan Məstəliyev Sherg.az-a UEFA-nın atdığı addımın çox üzücü olduğunu deyib:

"Turan Tovuz" klubu bu mərhələyə öz əməyi, layiqli mübarizəsi ilə gəlib çıxıb. Uzun sürən çətinliklərdən sonra komanda uğurlu nəticə göstərərək Premyer Liqada 3-cü pilləyə sahib çıxıb və Konfrans Liqasında oynamaq hüququ qazanıb.

Hətta klub rəhbərliyi Azərbaycan futbolunun inkişafı üçün kifayət qədər addımlar atmağa başlayıb. Bazanın tikilməsi, meydançanın yenilənməsi və digər istiqamətlərdə çox böyük səylər göstərilib.

Ona görə də bu komandanın avrokuboklardan kənarda qalması həqiqətən də çox üzücü məqamdır. UEFA yeddi il əvvəl baş vermiş hadisəni əsas götürərək komandanı avrokuboklardan uzaqlaşdırıb".

Ekspert Avropa Futbol Assosiasiyaları İttifaqının ümumiyyətlə belə məsələlərdə sərt mövqe nümayiş etdirdiyini söyləyib: 

"Amma burada anlaşılmayan məqamlar və hüquqi suallar var: "Keçmiş AFFA rəhbərliyi niyə məsələnin bu səviyyəyə qədər gəlib çıxmasına imkan verib?", "Hüquqi prosedurlar niyə düzgün aparılmayıb?", "Niyə kluba vaxtında və doğru məlumat verilməyib?", "Eyni zamanda niyə müvafiq addımlar atılmayıb?".

Keçmiş AFFA rəhbərliyi bu suallara cavab verməlidir. Eyni zamanda indiki AFFA rəhbərliyi də bu məsələdə "Turan Tovuz" klubuna kömək etməlidir.

Çünki bu klubu CAS-a, yəni Beynəlxalq İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verib. Klub orada mübarizə aparacaq, öz hüquqlarını qorumağa çalışacaq. Əgər müsbət qərar çıxarılsa, komanda Konfrans Liqasında oynaya bilər".

Müsahibimiz az da olsa şansın olduğunu vurğulayıb: 

"Hazırkı komandanın belə oyunlarda və ya hər hansı manipulyasiyalarda iştirak etmədiyi görünür. Bu artıq dəqiq bilinən məsələdir. Sadəcə bunu hüquqşünaslar vasitəsilə düzgün şəkildə çatdırmaq lazımdır.

Ümid edirəm ki, AFFA, həm indiki, həm də keçmiş rəhbərlik, klub və bu məsələdə kömək edə biləcək hər kəs birləşərək komandamızın hüquqlarının və haqqının bərpa olunması üçün lazımi addımları atacaq".