Şəki dünyada daha çox tanınacaq



Şəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsi böyük hadisədir

Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi qərarı əslən Şəkidən olan Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlını da sevindirib. «Şərq»ə açıqlamasında M.Qəhrəmanlı qərarı alqışladığını bildirdi:- Avropa ölkələrində çox olmuşam. Müxtəlif beynəlxalq tədbirlərdə, konfranslarda iştirak məqsədilə səfər etsəm də, həmişə çalışıram ki, getdiyim ölkənin tarixi məkanlarını gəzim, muzeyləri ziyarət edim. Səfərlər zamanı görürəm ki, ölkələr tarixi məkanlardan böyük gəlir əldə edirlər. Turist axını böyük olan ölkələrdə turizmin inkişafı, turistlərin rahatlığı üçün çox işlər görülür. Ən əsası da, qiymətlərin əlçatan, hətta çox ucuz olmasıdır. Məsələn, Praqa Milli Muzeyinə giriş pulsuzdur. Eləcə də digər ölkələrdə olarkən tarixi məkanlara, muzeylərə giriş üçün çox ucuz qiymətlər müəyyən edildiyinin şahidi olmuşam. Bizdə də belə olmalıdır. Elə etməliyik ki, bir dəfə gələn, baha qiymətləri görüb qaçmasın, səfərin maddi cəhətdən ziyanlı olmadığını görüb Azərbaycana təkrar-təkrar səfər etmək istəsin. Şəkidə Şəki Xan Sarayı və şəhərin tarixi mərkəzindən savayı başqa görməli, gəzməli yerlər də çoxdur. Şəhərin yuxarı hissəsində bir çox tarixi abidələr var. O hissədə tarix müəllimi illər öncə qədim mağaralar aşkarlayıb. Alban kilsələri var. Şəki həbsxanası, «Gələrsən-görərsən» qalası turistlərin görməli olduğu yerlərdir. Sovet vaxtı Şəkiyə xeyli turist gəlirdi, hətta anam «qarğış» edirdi ki, bu turistlər gələndə bazarda qiymətlər qalxır. Şəki hədsiz cəlbedici məkandır. Ümumdünya İrs Siyahısına daxil edilmək o deməkdir ki, həm Şəki dünyada daha çox tanınacaq, həm də ölkəmiz bundan böyük gəlir əldə edəcək. İstərdim, Şəkiyə gedənlərin sayı lap çox olsun. Amma təkcə Şəki pitisi yeməyə yox, məhz tarixi abidələri ziyarət etməyə. Turist axını çoxalsa, şəhərdə iş yerləri də artacaq, bu da yerli əhalinin gəlirlərinin artmasına səbəb olacaq. Çalışmaq lazımdır ki, qiymətlər ucuz olsun. Gələn qonaqlar, turistlər qiymət bahalığından şikayət etməsin. Turistlər üçün yüksək xidmət şəraiti yaradılmalıdır. Bu işlər artıq İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin öhdəsinə düşür.