Hərbi pilotun həyat yoldaşı: "Onun məğrurluğu, şücaəti bizi əmin edirdi ki..."


"Rəşad Atakişiyevin övladları vətənpərvər ruhda böyüyəcəklər".  Bunu təyyarə qəzasında ölən hərbi pilot R.Atakişiyevin həyat yoldaşı Könül Hüseynova dəfn mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

K.Hüseynova bildirib ki, həyat yoldaşı mərd, vətənini sevən, gözəl qəlbli, pak hisslərlə yaşayan bir insan idi: "Onun məğrurluğu, şücaəti bizi əmin edirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf ki, arzumuz baş tutmadı. Rəşadın iki gül balası ona layiq, vətənpərvər övlad kimi böyüyəcəklər".

Xatırladaq ki, bu il iyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.