Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - SAXLANILDI (YENİLƏNİB)

“Sosial şəbəklərdə yayılan videogörüntülərdə yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum edən naməlum şəxslər tərəfimizdən müəyyən olunaraq, saxlanılıb”.

Bu barədə Lent.az -a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

E.Hacıyev qeyd edib ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 2 nəfər naməlum şəxsin yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum etmələri barədə DİN-in “102” Zəng Xidmətinə məlumat daxil olub: “Araşdırma zamanı qeyd olunan əmələ yol verən 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili müəyyən olunaraq, ərazi üzrə Sabunçu RPİ 13-cü PB gətirilib. Hər iki şəxsin orta dərəcəli sərxoşluq vəziyyətində olmaları müəyyən edilib”.

E.Hacıyev əlavə edib ki, həmin şəxslərin əməlində inzibati xətanın tərkib əlamətləri olduğuna görə, onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

10:17

Sosial şəbəkələrdə iki şəxsin yolu bağlayaraq hərəkətə süni maneələr yaratmasının əks olunduğu video yayılıb.  

Videogörüntülərdən məlum olur ki, yola zibil qutusu qoyulub. Şəxslər həmin yoldan insanların və nəqliyyat vasitələrinin gediş-gəlişinə mane olmağa çalışır.

Yarıçılpaq kişi onlara etiraz edən qıza hücum edib. 

Daha sonra sərxoş olduğu ehtimal olunan şəxslər ətrafdakı vətəndaşlar tərəfindən zərərsizləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsi məsələyə münasibət bildirib. 

İdarənin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılır:

“Videgörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Müvafiq rayon Polis İdarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.