Oqtay Gülalıyevlə bağlı daha bir problem: Ağ ciyərində...

Hələlik Oqtay Gülalıyevin durumunda heç bir dəyişiklik yoxdur. Koma vəziyyətindədir. Onun komadan çıxması üçün zaman lazımdır. Bu sözləri Axar.az-a tibb üzrə professor Adil Qeybulla 29 oktyabr tarixində yol keçərkən avtomobil tərəfindən vurulan və bu səbəbdən beyin əməliyyatı keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin son durumu ilə bağlı danışarkən deyib.

A.Qeybulla bildirib ki, beyin komadan müəyyən itkilərlə çıxacaq:

“Burada ümumi durum və əməliyyatdan sonrakı tomoqrafiyanın nəticələri göstərir ki, beyin komadan müəyyən itkilərlə çıxacaq. Ancaq bunun nə dərəcədə ciddi olacağını hələlik demək çətindir. Çünki beyinin zədələnmiş hissələri daha çox danışıq və düşünmə mərkəzinə aid olduğu üçün bu istiqamətdə itkilərin olması mümkündür.

Əl və ayaqda ola bilən iflic məsələsi zamanla aradan aldırıla bilər. Çünki Oqtay bəy nisbətən cavan biridir və reabilitasiya tez gedə bilər. Ancaq beyin toxumasının zədələnməsi gələcəkdə hansısa qüsurların olması zərurəti yaradır.

Bu baxımdan birinci məsələ onun komadan ayılmasıdır. Bundan sonrakı proses isə onun reabilitasiyasıdır”.

Az öncə isə Oqtay Gülalıyevin ağ ciyərinə infeksiya düşdüyü ilə bağlı yazar Zümrüd Yağmur məlumat paylaşıb.

Xatırladaq ki, 29 oktyabr tarixində axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb. Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb və o, müalicə üçün Türkiyəyə aparılıb.