Qərar dəstəkləndi: Bir həftəlik qeyri-iş günləri həm də, kiçik məzuniyyətdir

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerlərinin dəyişdirilməsi barədə qərarı izah edib.

Nazirlər Kabinetindən bildirilib ki, vətəndaşlar dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar.

Dekabrın 28 və 29-u isə iş günləri olacaq.

“Qərar bayram günləri ilə həftəsonu istirahət günlərini birləşdirərək bayram günlərinin fasiləsizliyini təmin edir. Bu da vətəndaşların istirahət və bayramlarını daha səmərəli təşkil etməsinə imkan yaradır”, - deyə izahda qeyd olunub.

Nazirlər Kabineti hesab edir ki, istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərarın bir ay əvvəldən elan edilməsi isə bayram günlərini səyahətdə keçirmək istəyən vətəndaşlara erkən rezervasiya imkanı yaradır.



Sahib Məmmədov: “Qeyri-iş günlərində əhalinin bir hissəsinin işə getməsi narazılığa səbəb ola bilər”


Nazirlər Kabinetinin bu qərarını qiymətləndirən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov deyir ki, bu addım konkret olaraq vətəndaşların xeyirinədir. 

Məmmədov Sherg.az-a bildirib ki, belə qərarların tətbiqi ilk deyil: 

“Bəlkə də, birinci dəfə olsa idi insanlar müəyyən çətinlik çəkərdilər. Ancaq indiki halda düşünürəm ki, bir problem olmayacaq. Əksinə, bir həftəlik qeyri-iş günləri həm də kiçik məzuniyyətdir. İnsanlar istirahət üçün rayona, xarici ölkəyə gedə bilərlər”. 

Ekspert onu da bildirdi ki, belə məsələlərdə balansı qorumağa çalışmaq da lazımdır. Onun sözlərinə görə qeyri-iş günlərində əhalinin bir hissəsinin işə getməsi narazılığa səbəb ola bilər. 

“Gündəlik həyatı təmin edən elə sahə nümayəndələri var ki, onlar dövlət sektorunda çalışanlardan fərqli olaraq yanvarın birindən sonra işə başlayırlar. Yəni cəmi iki gün istirahət edirlər. Məsələn tikinti sahəsində çalışanlar buna misaldırlar. Bu isə bəzi hallarda xidmət alanlar üçün diskomfort yaradır. Məncə, bu məsələni də nəzərə almaq lazımdır”. 

Kənan Novruzov