Bakıda bayram əhvalı: Küçələrə “işıq gəldi” - FOTOLAR

Artıq Yeni ilin gəlməsinə sayılı günlər qalıb. Oxu.Az-ın məlumatına görə, bayram hazırlığı işləri çərçivəsində paytaxtın müxtəlif yerlərində dekorativ bəzək, şam ağacları qurulub.

Şəhərin küçələrində ağacların çil-çıraqlarla bəzədilməsi, Yeni il simvollarının quraşdırılması və bayram tərtibatının aparılması işləri həyata keçirilib.

Bakı ərazisində əsl bayram əhval-ruhiyyəsi hiss olunur. 

Hər il olduğu kimi, bu il də qədim Bakı müasir işıqlandırma ilə çıraqbana çevrilib. 

Yeni il bayramı münasibətilə Bakının Dilarə Əliyeva, Əlövsət Quliyev, Bəşir Səfəroğlu, Həzi Aslanov və sair kimi küçələri xüsusi olaraq işıqlandırılıb. 

Ümumi olaraq 12 küçədə səkkiz kilometr boyunca 175 binaya LED işıqlar quraşdırılıb.

Bu küçələrdə quraşdırılan LED işıqlar bayram əhvalına bir istilik qatıb. 

Bayramqabağı küçələrin bu cür işıqlandırılması sakinlərin də ürəyincə olub.

Küçələrin xüsusi olaraq işıqlandırılması işləri Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Abadlıq Xidməti tərəfindən həyata keçirilib.