Tibbi sığorta ödənişi necə olacaq? – Ekspertdən detallı İZAH

Məlum olduğu kimi  “Tibbi sığorta haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Həmin qanunda icbari tibbi sığorta ilə bağlı bir sıra müddəalar müəyyənləşib. Onlardan biri də müştərək maliyyələşmə məbləğinin müəyyənləşdirilməsidir. 

İqtisadçı-ekspert Vüqar Bayramlının sözlərinə görə, bu proses bir neçə mərhələdə həyata keçiriləcək. İqtisadçı Sherg.az-a deyib ki, vətəndaşlar regionlar üzrə qruplaşdırılacaqlar və növbəli şəkildə müştərək maliyyələşmə prosesi həyata keçiriləcək:

“Təbii ki, burada əsas ağırlıq dövlət büdcəsinin üstünə düşəcək. Yəni vəsaitin böyük bir hissəsi dövlət büdcəsindən ayrılacaq. İcbari tibbi sığorta üçün dövlət büdcəsindən təxminən 9 milyona yaxın vəsait sərf olunacaq. Bu isə hər vətəndaş üçün 90 manat deməkdir. Eyni zamanda işəgötürənlərlə, işçilər arasında müqavilə imzalanacaq və hər iki tərəf  müəyyən məbləğdə pul ödəyəcəklər. Ümumilikdə 340 milyona yaxın vəsaitin yığılması nəzərdə tutulub. Ancaq burada dövlət və neft sektorunda çalışanlarla, qeyri-dövlət və qeyri-neft sahəsində çalışanlar arasında müəyyən fərqlər olacaq. Bütövlükdə icbari tibbi sığorta üçün ayrılan vəsaitin 1 milyard 400 milyona yaxın olacağı gözlənilir.Onu da qeyd edim ki, işçilər və işəgötürənlər bu, vəsaitləri yanvardan deyil, apreldən ödəməyə başlayacaqlar.”



Ekspert, həmçinin qeyd etdi ki, icbari tibbi sığortada müəyyən güzəştlər də nəzərdə tutulub:

“Vətəndaşların heç də hamısı icbari tibbi sığorta üçün pul ödəməyəcəklər. Onların böyük bir hissəsi, o cümlədən təqaüdçülər, qeyri-neft sektorunda çalışanlar, əyani təhsil alan tələbələr, sosial təminat alanlar ödəniş edəcəklər”.

Kənan Novruzov