“Oturma izni” olmayan azərbaycanlılar: Türkiyədə qeyri-qanuni yaşayan soydaşlarımızın üzü güləcək

Qardaş ölkə Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlıların məsələsi həllini tapacaq.  Türkiyənin Daxili işlər naziri Süleyman Soylu açıqlamasında bildirib ki, sənədsiz yaşayan azərbaycanlıların yaşam hüququnu rəsmiləşdirmək üçün işlər görülür. 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov problemin yoluna qoyulacağının sevindirici olduğunu qeyd edib. 

O, Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyədə həmvətənlərimizin qanunsuz yaşaması həm də diplomatik münasibətlərə mənfi təsir göstərir: 



“Məndə olan məlumaa görə, Türkiyədə sənədsiz yox, amma qeyri-qanuni əsaslarla yaşayan azərbaycanlılar daha çoxdur. Yəni onlar vaxtilə sənədlərlə Türkiyəyə daxil olub, sonradan “oturma izni” almayıblar. Bu da oradakı azərbaycanlı ailələri üçün ciddi problemlərə səbəb olur. Həmin ailələrin sayı hələ ki, tam açıqlanmayıb. Amma Türkiyədə, xüsusilə də İstanbulda belə ailələrin sayı kifayət qədərdir. Nə qədər ki, qeyri-qanuni əsaslarla yaşayırlar, onların övladlarının məktəbə getməsi də çətin olacaq. Odur ki, Dövlət Miqrasiya Xidmətinə müraciət etmək və müvafiq prosedur qaydaları icra edərək vətəndaşlıq almaq lazımdır”.

Kənan Novruzov