Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar. Bəyanatda deyilir: “Biz milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımının 28-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.
Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədiblər. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə yeksan edilib, 150 nəfər itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.
Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilən cinayətlərlə eyni qəbildəndir. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləməyə, fiziki və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazilərmizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.
İyirmi səkkiz il keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da var.
Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, irqçilik, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyllər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımıların təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır.
Çox böyük təəssüf doğuran məqamdır ki, bəzi dövlətlər real tarixi soyqırımıların deyil, saxta soyqırımı iddialarının tanınması yönündə səylərini əsirgəmirlər. Beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan hadisələrin qərəzli şəkildə siyasiləşdirilərək haqsız iddialara yol açması istiqamətində meyillər bizi narahat edir. Belə təəssübkeşlik heç bir vəchlə qəbul oluna bilməz!
Azərbaycanın üzləşdiyi bu təcavüz və torpaqlarımızın işğal olunması nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının cavabının verilməməsi nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı işgəncələr tətbiq edir, meyitlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur. Xocalı canilərinin soyqırımı cinayətinə görə, beynəlxalq tribunala çıxarılacağı gün uzaqda deyil, İnşallah!
Biz - Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın dövlət rəhbərinin ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə səylərinin uğurla nəticələnəcəyinə inanır, bunun üçün dualar edirik. Biz Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azadlığı uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daim uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirik.
Biz din xadimləri bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyir, Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə ədalətin bərqərar edilməsi, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq.
Qoy, Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! Amin!”