Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axını gücləndiriləcək



Azərbaycan və İtaliya arasında qarşılıqlı turist axınının intensivləşdirilməsi məqsədilə görülən işlər daha da gücləndiriləcək, həmçinin birgə layihələr və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması məqsədilə aktiv iş aparılacaq.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi və İtaliyanın Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında Turizm sahəsində əməkdaşlıq Anlaşma Memorandumunun imzalanması nəticəsində bu sektorda münasibətlərin inkişafını təşviq etmək məqsədilə tərəflər arasında əməkdaşlıq üçün mümkün çərçivə müəyyən ediləcək.

K.Quluzadə qeyd edib ki, bu əməkdaşlığa uyğun olaraq, Azərbaycan və İtaliyanın UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış yerlərinin qorunması və bərpası üzrə təcrübə və məlumat mübadiləsi gücləndiriləcək. DTA və İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər və Turizm Nazirliyi arasında mövcud əməkdaşlıq genişləndiriləcək və turizm sahəsində idarəetmə, turizm siyasətinin formalaşdırılması, eləcə də bir sıra digər məsələlər üzrə təcrübə, məlumat mübadiləsi aparılacaq.

Agentlik rəsmisi əlavə edib ki, hər iki ölkədə turizm sahəsi üzrə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi məqsədilə tədbirlər gücləndiriləcək. Bununla yanaşı, hər iki ölkənin turizm resurslarına və turizm sahəsində aparılan elmi tədqiqatlara dair məlumat mübadiləsi aparılacaq, aqroturizm və turizmdə marketinq fəaliyyəti üzrə təcrübə mübadiləsi həyata keçiriləcək.

K.Quluzadə bildirib ki, memoranduma uyğun olaraq, beynəlxalq təşkilatlarda ikitərəfli və çoxtərəfli əməkdaşlıq gücləndiriləcək. Qarşılıqlı turist axınının intensivləşdirilməsi məqsədilə görülən işlər daha da gücləndiriləcək, birgə layihələr və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması məqsədilə aktiv iş aparılacaq.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə" imzalanıb.

Sənəd çoxölçülü, çoxşaxəli, hərtətəfli tərəfdaşlığın, müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.