Türkiyədə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin adına Vəqf yaradılıb. Sözügedən vəqfi mərhum prezidentin qızı Çilənay Səmədbəyli qurub. Vəqfin sədri Ə.Elçibəyin kürəkəni Aqil Səmədbəylidir. Əbülfəz Elçibəy Vəqfinin yaradılmasında əsas məqsəd mərhum prezidentin xatirəsini yaşatmaqdır.
Elçibəyin yaxın silahdaşlarından olmuş Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Sherg.az-a açıqlamasında bu, təşəbbüsü yüksək qiymətləndirdiyini deyib:
“Əbülfəz Elçibəy böyük şəxsiyyətdir. O, Milli Azadlıq mübarizəsinin lideri olub. Bu mənada düşünürəm ki, belə bir vəqfin yaradılması çox təqdirəlayiqdir”.
F.Mustafanın sözlərinə görə, Elçibəy irsinin dünyada tanıdılması baxımından bu Vəqf mühüm rol oynayacaq:
“Doğrusu, təşkilatın hansı məqsədlə yaradılmasından tam olaraq xəbərim yoxdur. Ancaq istənilən halda Elçibəyin adının yaşaması, onun gənc nəslə tanıdılması istiqamətində qurum müstəsna əhəmiyyətə malik olacaq. Düşünürəm ki, Çilənay xanım çox doğru addım atıb”.