Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkəmizdə koronavirusa yoluxma halı olmadığına dair açıqlaması əhalini bir qədər rahatlandırdı. “Koronavirusdan qurtulduq”, amma… Bəs bu nə “virusdu” bizdən əl çəkmir?
Günlərlə qızdırması olanlar, öskürəyi keçməyənlər, yuxarı tənəffüs yollarının iltihabından yaxa qurtarmayanlar bu sual üzərində düşünür. Xüsusən də uşaqları, azyaşlı körpələri xəstələnən valideynlər narahatdır.
Həkim-terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında hazırda ölkəmizdə qrip, paraqrip və rotavirus infeksiyalarına yoluxma hallarına daha çox rast gəlindiyini dedi:
- Bu artıq rəsmi şəkildə təsdiqlənib ki, bizim ölkədə hazırda qrip, paraqrip və rotavirus infeksiyaları yayılıb. Uşaqlar arasında isə ən çox rotavirus infeksiyasına rast gəlinir. Qızdırma, öskürək, qusma, qarın işləməsi – diareya ilə müşayiət olunur. Bunlar hava-damcı yoluyla keçən infeksiyalardır. Belə hallarda əsasən infuzion terapiya tətbiq olunur, immunitet gücləndirici müalicə təyin edilir. Orqanizm güclənməlidir ki, xəstəliyə qalib gəlsin, virusla mübarizə apara bilsin.
Daimi məsləhətlər həmişəki kimi qüvvədədir. Virusa yoluxmamaq üçün immun sistemi gücləndirmək, həkim müayinəsindən keçmək, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq olmaq, ev şəraitində müalicə olunmaq, tibbi maskalar taxmaq, evə gələndə əlləri sabunla yaxşı-yaxşı yumaq, şəxsi gigiyenaya diqqət etmək.
Həkim deyir ki, əhali arasında geniş yayılmış yuxarı tənəffüs yolları xəstəlikləri də mövsümi xarakter daşıyır
Həkim qeyd etdi ki, əhali arasında geniş yayılmış yuxarı tənəffüs yolları xəstəlikləri də mövsümi xarakter daşıyır:
- Bu xəstəliklər payız-qış aylarında özünü daha çox göstərir. Əhali arasında geniş yayılan qrip virusunun şəklini dəyişmiş forması da ola bilər. Ona görə də xəstəlik bəzən uzunmüddətli olur. Yoluxmuş insan gec sağalır.
Kəskin respirator xəstəliklərin niyə məhz payız-qış aylarında artmasına gəlincə, Ş.Məmmədov bunun iqlim anomaliyalarının doğurduğu immun zəifliyi ilə əlaqəli olduğunu dedi:
- Bizim əhalidə belə bir deyim var ki, qar yağsaydı, xəstəliklər azalardı, mikroblar ölərdi və sairə. Amma bu el deyimi 21-ci əsrdə artıq məna yükünü itirməkdədi. Çünki dünyada qlobal iqlim dəyişiklikləri baş verir və Azərbaycan da dünyanın bir parçası kimi bunu iqlim şərtlərində hiss edir. Anomal iqlim dəyişiklikləri immunitet zəifliyinə səbəb olur və nəticədə virus infeksiyaları şiddətlənir. Kəskin respirator xəstəliklərin əsas səbəbi də iqlim dəyişikliyi və immunitet çatışmazlığıdır. Ona görə də əhali bunları nəzərə alıb mümkün qədər özünü qorumalıdır. Çalışmalıdır ki, immunitet zəifləməsin. Bədəni möhkəmləndirəcək qidaları mümkün qədər qəbul etmək, idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək lazımdır. Soyuqlayanlar, xəstələnənlər bacardıqca çox maye qəbul etməlidir. Bədəni zəiflətmək olmaz. Onda orqanizm xəstəliyə müqavimət göstərə bilmir. Əlbəttə ki, həkim müayinəsi mütləqdir. Müayinənin nəticəsi olaraq da müalicə kursu təyin edilməli və ona əməl edilməlidir.
Uşaqlar yuxarı tənəffüs yolları xəstəliyinə tez yoluxur. Çünki körpə, uşaq orqanizmi hələ tam formalaşmayıb. Viruslara, infeksiyalara həssasdır. Ona görə də xəstəliklər qızdırma, mədə-bağırsaq pozğunluğu ilə müşayiət olunur. Biz hər zaman valideynlərə dönə-dönə tapşırırıq ki, uşaqların gigiyenasına fikir versinlər. İnsan bədənində ən çirkli orqan əllərdir. Əllər sabunla tez-tez yuyulmalıdır. Meyvə-tərəvəzlər də yeyilməzdən öncə ciddi şəkildə yuyulmalıdır. Qida mütləq təzə olmalıdır. Köhnə qidalar ümumiyyətlə qadağandır. Şəxsi gigiyena qaydalarına daim əməl edilməlidir. Problemlərdən biri də xəstə insanların ictimaiyyətdən təcrid olunmaması, körpə olan evə vaxtaşırı gediş-gəlişlərdir. Xəstə uşaqlarla kontakt tamamilə kəsilməlidir. Hətta böyüklər də, görürsən xəstədi, deyir, gedim filankəsə baş çəkim. O evdə körpə uşaq varsa, yoluxması an məsələsidir. Südəmər uşaq olan ailəyə isə gediş-gəliş ümumiyyətlə yolverilməzdir. Payız-qış mövsümü boyunca, əgər uşaq xəstələnibsə, bağçaya aparılmamalıdır, ev şəraitində müalicə olunmalıdır. Bu təkcə, uşaqlara aid deyil, böyüklərə də aiddir. Baxırsan, öskürür, tənəffüsalma yolları tutulub, gözü qızarıb – aşkar yuxarı tənəffüs yollarının infeksion xəstəliyidi, amma işə gəlib-gedir, ictimai nəqliyyatdan istifadə edir və başqalarını da yoluxdurur. Uşaqlar da belədir. Xəstə uşaq həkim müayinəsindən keçirilib ev şəraitində lazımi müalicə almırsa, birinci növbədə sağlamlığına ziyandır, xəstəlik tam sağalmadığı üçün fəsadları qalır və az sonra yenidən baş qaldırır. İkincisi də, xəstə uşaq bağçada digər uşaqları da yoluxdurur. Bütün bağçalarda, istər özəl olsun, istər dövlət, sanitar-gigiyenik normalara ciddi əməl edilməlidir. Hər gün otaqlar dezinfeksiya edilməli, yataq otağı tez-tez havalandırılmalıdır. Uşaqların qida qəbul etməzdən öncə əllərinin yuyulması xüsusilə vacibdir. Bakterial infeksiyaların önünün kəsilməsi bu şərtlərə bağlıdır.