"Optimist olaq və bir-birimizə kömək edək" 


Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev koronavirusla bağlı mühüm bir məsələni açıqlayıb. O qeyd edib ki, hansısa şəxs özündə koronavirus şübhəsi görürsə, bu adam yaxın zamanda səyahətdə olubsa, o zaman təcili yardıma xəbər verməlidir".
Oun sözlərinə görə, bu zaman xüsusi maskada olan həkim gəlib onu yoxlayacaq, yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək: "Həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Amma hansısa insan özü sərbəst şəkildə gedib bu cür yoxlana bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib o cür yoxlansa, qarışıqlıq olar. Gərək bu təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə götürülür".

Əlbəttə, bu,  insanların koronavirusla bağlı şübhələrinə aydınlıq gəlinməsi baxımından mühüm qərardır. Kim deyir ki, hər asqıran, öskürən bu virusun daşıyıcısıdır? 

Qərarı dəyərləndirən ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli “Sherg.az”a bunun müsbət təşəbbüs olduğunu deyib: “Əlbəttə, belə də olmalıdır. Əgər səhhətində narahatlıq olan insan xəstəxanaya getmək istəsə, təbii, risk ehtimalı da artacaq. Odur ki, ən yaxşı çıxış yolu mənzildə testin edilməsidir”. 
 
Z.Məmmədli insanlara tövsiyə verib:

 “Optimist olmaq lazımdır. İnsanlar bir-birilərinə kömək etməlidirlər. Şəxsi gigiyenaya diqqət etmək ən vacib məqamdır. Eyni zamanda çoxlu vitamin qəbul etməyi, limonlu su içməyi, əlləri tez-tez yumağı tövsiyə edirəm. İnsanlar mümkün qədər evdə oturmalı, kütləvi yerlərə çıxmamalıdırlar”.

 Həkimin fikrincə, ən effektiv metodlardan biri də paytaxtın dezinfeksiya edilməsidir:

“Respublika əhalisinin böyük hissəsi paytaxtda yaşayır. Düşünürəm ki, bir gün vətəndaşlar  evdə qalmalı və şəhər xüsusi dərmanlarla dezinfeksiya olunmalıdır”.