"Taksi bazarının dövlət nəzarətinə keçməsi rəqabəti zəiflədəcək" - Millət vəkili

"Bununla da keyfiyyət və yüksək xidmətə ciddi zərər dəymiş olacaq"


“Vətəndaşların xaricdən mal sifarişi ilə bağlı qərarı, ardınca BNA-nın taksi xidmətinə vahid tarifin tətbiqi ilə əlaqədar açıqlamaları absurd olmaqla yanaşı, liberal iqtisadiyyata zidd yanaşmadır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 



Deputat bildirib ki, ölkə başçısının siyasətinin əsasını hər zaman vətəndaşın sosial-iqtisadi rifahını təmin etmək təşkil edib. Çünki dövlətimizin siyasətinin əsasında vətəndaş amili dayanır: 

“Prezident çıxışlarında hər zaman iqtisadiyyatın liberallaşdırılmasını və dövlət əmlakının özəlləşdirilməsini, xarici investorların ölkəyə cəlb edilməsinin vacibliyini xüsusi vurğulayıb. Xüsusilə iqtisadi və sosial cəhətdən həssas bir məqamda qurumların bu qərarları xalqın vəziyyətini daha da gərginləşdirir. Dövlət vətəndaşa dəstək paketlərini həyata keçirir, ancaq bəzi qurumlar düşünülməmiş qərarlarla insanların sosial rifahı yolunda aparılan islahatlara kölgə salırlar. Müşahidələrdən də göründüyü kimi hər iki proses ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb, sosial platformalarda ciddi müzakirəyə səbəb olub. Bəlkə də bu cür qərarlar ölkə daxilindəki şirkətləri və iqtisadiyyatı canlandırmağa hesablanıb. Lakin yenə də düzgün deyil, çünki pandemiya insanlara hər cəhətdən mənfi təsir edib. Gərgin vəziyyəti daha da gərginləşdirəcək addımlar atılmamalıdır. Ümumiyyətlə, bu tip qərarları qurumlar tək başına qəbul etməli deyil. Belə məqamlarda müstəqil ekspertlər, ictimai birliklərin nümayəndələri, kiçik və orta sahibkarlar dəvət olunub müzakirələr aparılmalıdır. Vətəndaşlar arasında sorğular keçirilməlidir. Təkliflər verilməli, alternativ variantlar irəli sürülməlidir”.  

Parlamentari vurğulayıb ki, hazırda Azərbaycanda ən çox rəqabətin olduğu iqtisadi sahə taksi xidmətidir: 

“Rəqabətin ən şəffaf nümunəsi sayılan taksi bazarının dövlət nəzarətinə keçməsi rəqabəti zəiflədəcək. Bununla da keyfiyyət və yüksək xidmətə ciddi zərər dəymiş olacaq. Burada məqsəd xarici taksi şirkətlərini hər hansı öhdəliyə cəlb etməkdirsə, bunu müxtəlif yollarla həyata keçimək olar. Təbii ki, xarici şirkətlərin yerli şirkətləri sıxışdırması da düzgün deyil. Daxili bazara olan marağı azaltmaq olmaz. Dünya təcrübəsinə əsaslansaq, deyə bilərəm ki, əksər ölkədə taksi bazarının idarəçiliyi azad sahibkarların əlində cəmləşib. Azad sahibkarlar daxili iqtisadiyyatı ayaqda saxlayırlar. Hazırda metro bağlıdır və epidemiya ilə əlaqədar nə vaxt fəaliyyətə başlayacağı bilinmir. Marşrut xətləri də metronun yükünü daşıya bilmir və üstəlik həftə sonları marşrutlar işləmir. Belə vaxtda vətəndaşları ucuz və keyfiyyətli taksi xidmətindən məhrum etmək heç də düzgün deyil.