“Erməni baş nazir ya müharibəni davam etdirməli, ya da bizim şərtlərimizi qəbullanmalıdır”
“Hər ikisi onun üçün sonun başlanğıcı olacaq, yəni mənfi nəticələnəcək”
Düşmən təxribatlarına ara vermir. Dünən Mingəçevir, Gəncə ilə yanaşı Abşeron və Xızıya da raket atılıb. Yayılan xəritədə raketlərin Dağlıq Qarabağdan yox, birbaşa Ermənistandan buraxıldığı məlum olub. Düşmənin kifayət qədər hiyləgər olduğunu nəzərə alsaq, deməli, bu təşəbbüs də təsadüfi deyil. Yəni Ermənistan hərbi-siyasi hakimiyyəti başında yenə nəyisə “qaynadır”.
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu düşmənin növbəti təxribatının məqsədini “Sherg.az”a açıqladı:
“Birincisi, Ermənistan bu yolla Azərbaycan ictimaiyyətində xof, panika yaratmaq istəyirdi. Çünki 90-cı illərdə torpaqlarımızı məhz belə işğal etmişdi. Amma indi o zaman deyil.
Bu gün bizim güclü, nizami ordumuz var. Və Azərbaycan xalqının hər bir nümayəndəsi döyüşə hazırdır. İkinci məqsəd isə bizi İrəvanı vurmağa təhrik etmək idi.
Əgər belə olsa, Ermənistan KTMT ölkələrinin, xüsusilə Rusiyanın timsalında üçüncü tərəfi münaqişəyə cəlb etmək niyyətini güdürdü. Amma hər iki planı puça çıxdı. Rusiya hələ ki, neytraldır. Azərbaycan isə soyuqqanlılığını qoruyur”.
Onun fikrincə, biz düşmənin hər cür həmləsinə hazır olmalıyıq:
“Dağlıq Qarabağda məğlubiyyətlər çoxaldıqca düşmən müxtəlif təxribatlara əl atır. Biz buna hazırlıqlı olmalıyıq. İndi Paşinyanın iki yolu var: ya müharibəni davam etdirməli, ya da bizim şərtlərimizi qəbullanmalıdır.
Hər ikisi onun üçün sonun başlanğıcı olacaq, yəni mənfi nəticələnəcək”.