Daha siyasi oyunlar keçmir ! - “Genişmiqyaslı hərbi əməliyyatlar davam edəcək!”

“İndi Ermənistanın oyun oynamağa imkanı yoxdur. Heç oyun vaxtı da deyil”

“Əgər təcavüzkar qurban verməyin mənasız olduğunu düşünüb, ordusunu könüllü şəkildə Dağlıq Qarabağdan çıxararsa, danışıqlar masasına otura bilərik”


Oktyabrın 9-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak ediblər. Gərgin keçən danışıqların sonunda Azərbaycan və Ermənistan arasında humanitar xarakterli atəşkəs elan olunub. Buna baxmayaraq, işğalçı atəşkəsin elə ilk günündən təxribatlarına davam edib və mülki əhalini hədəf alıb.

Buna misal olaraq okyabrın 10-dan 11-nə keçən gecə saat 02:00 radələrində işğalçı ölkənin Gəncədə yaşayış binasını raket atəşinə tutmasını göstərə bilərik. Bu erməni vandalizmi nəticəsində 9 nəfər dünyasını dəyişdi, 34 nəfər isə xəsarət aldı. Bütün bunların fonunda Ermənistanın bir-birinə zidd hərəkətləri, doğrudan da, qəribədir.

Rəsmi İrəvanın ritorikası yaddaş zəifliyindən əziyyət çəkənlərin davranışına bənzəyir. Yəni Paşinyan hökuməti “burnunun qanadığını” bu qədər tez unudur?

Moskva görüşü və ondan sonrakı prosesləri “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov genişmiqyaslı hərbi əməliyyatların davam edəcəyini düşünür: 

“Atəşkəsin humanitar xarakterli olması inandırıcı deyil. Çünki belə işlərlə adətən Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olur. Sadəcə erməni tərəfi məsələnin müzakirəsinə hazır deyil. Danışıqlar hər iki tərəfə, xüsusilə düşmənə real imkanlardan çıxış edib, fikir bildirmələrinə şərait yaratdı. Cəmiyyətdə elə fikir yaranır ki, bu danışıqlardan sonra müharibə tamamilə bitəcək, atəşkəs bərpa olunacaq.

Amma belə deyil. 1990-cı ildən 1994-cü ilədək diplomatik danışıqlar getsə də, atəşkəs yox idi. Yəni bu iki məqamı əlaqələndirmək doğru olmaz. Eyni zamanda Azərbaycan tərəfi hazırkı vəziyyəti müharibəni dondurmağa hazır deyil. İctimai rəy də bunu istəmir”.

T.Zülfüqarov bildirib ki, Ermənistan “hərbi maşını”nın “beli qırılıb”. Bircə qalıb məhv etmək:

“Cənab Prezidentin də dediyi kimi, bizim məqsədimiz işğal altındakı torpaqlarımızı azad etməkdir. Əgər təcavüzkar qurban verməyin mənasız olduğunu düşünüb, ordusunu könüllü şəkildə Dağlıq Qarabağdan çıxararsa, danışıqlar masasına otura bilərik.

Bu, bizə də sərf edir. Əks halda genişmiqyaslı hərbi əməliyyatlar davam edəcək. İndi Ermənistanın oyun oynamağa imkanı yoxdur. Heç oyun vaxtı da deyil”.