"Prezidentin səfəri tezliklə Şuşanın cənnətə dönəcəyi deməkdir" - Millət vəkili 

"Qarabağ torpaqlarında müasir infrastrukturun formalaşdırılması bu ərazilərə xarici qonaqları dəvət etməyimizi asanlaşdıracaq"

"Prezident İlham Əliyevin Şuşaya səfəri tarixi əhəmiyyət daşıyır". Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, ölkə başçısı Şuşa işğaldan azad olunanda xalqa müraciətində "Şuşa biz qayıtmışıq, Şuşa biz səni dirçəldəcəyik" şüarlarını səsləndirmişdi:



"Dövlət başçısı ailəsi ilə Şuşaya gedərək qayıtdığımızı dünyaya nümayiş etdirdi. Əgər bir il əvvəl Ermənistanın baş naziri Şuşaya səfər edərək sərxoş vəziyyətdə Cıdır düzündə təlxəklik edirdisə, cənab Prezident Şuşaya və Cıdır düzünə qalib sərkərdə kimi gedərək düşmənlərimizə ciddi mesajlar verdi. Ölkə başçısının Şuşaya səfər etməsi, şəhər  meydanında Üzeyir Hacıbəylinin, Bülbülün və Xan qızı Natəvanın büstlərinin uzun illərdən sonra açılışın etməsi düşmənlərimizə bizim üçün Şuşanın nə qədər əziz olduğunu nümayiş etdirilən bir mesajdır".

Parlament üzvü bildirib ki, cənab Prezidentin ailəsi ilə birlikdə dağılmış məscidləri ziyarət etməsi, məscidlərə müqəddəs  Quran kitablarını hədiyyə edilərək duaların oxunması ölkə başçısının ailəsinin dini-milli dəyərlərimizə nə qədər bağlı olduğunu göstərir:

"Bu, həm də islam dünyasına düşmən baxışları olan dövlət başçılarına və siyasətçilərə də bir mesajdır ki, bizim üçün öz milli dəyərlərimiz hər məsələdən üstündür və onun qorunması üçün bütün varlığımızla hazırıq. Dövlət başçısının qalib sərkərdə kimi 39 ildən sonra Vaqifin məğbərəsinin və Bülbülün ev muzeyini zyarət etməsi bütün milli-mədəni dəyərlərin yenidən bərpa edilərək  tezliklə Şuşanın cənnətə dönəcəyi deməkdir".

A.Badamov vurğulayıb ki, səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli-Şuşa avtomobil yolunun və Füzuli Beynəlxalq hava limanının təməlini də qoydu:

"Qarabağ torpaqlarında müasir infrastrukturun formalaşdırılması bu ərazilərə xarici qonaqları dəvət etməyimizi asanlaşdıracaq. Qarabağa gələn xarici qonaqlar öz gözləri ilə ermənilərin törətdikləri vandalizmi və vəhşilikləri ilə yerindəcə tanış olmaq imkanı əldə edəcəklər. Həm də işğaldan azad olunmuş ərazilərimizə gediş-gəlişin rahat olması, Şuşada beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlərə,  o cümlədən yenidən keçiriləcək Vaqifin poeziya günlərinə xarici qonaqların gəlişini rahatlaşdıracaq. Qarabağ torpaqlarında müasir kommunikasiyaların formalaşması bu ərazilərimizə müasir həyatın qayıtması və ölkəmizin yüksək inkişafı deməkdir".