Türkiyədə mart ayının 4-də hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var. Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, hərbi helikopter saat 13.55-də Bingöldən havaya qalxıb, məşum hadisə Bitlisin Tatvan vilayətində baş verib. Qəza nəticəsində 11 hərbçi şəhid olub, 2 nəfər isə yaralanıb.
Şəhadətə ucalanlar içərisində Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpus Komandiri, general-leytenant Osman Ərbaş da var.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, şəhid generalın məmləkəti Yozqata “od düşüb”. Şəhidin bacısı Hüsniyə Korana deyib ki, O. Ərbaş daim Vətəni üçün çalışıb:
“Tək qardaşımız idi. Vətən sağ olsun. Allah düşmənlərimizə fürsət verməsin”
Şəhid general Yerköy vilayətinə bağlı Saray kəndində yaşayıb. Bacısı danışır ki, o, 17 yaşında kənddən ayrılıb:
“ Nə tətil bilirdi, nə məzuniyyət. Gecəsini gündüzünə qatırdı. Ana-ata həsrəti ilə yandı”.
O.Ərbaşın doğma kəndinin bələdiyyə sədri Mustafa Qurd generalın axırıncı dəfə 10 ay əvvəl, anası Cəmilə Ərbaşın cənazəsi üçün Yerköyə gəldiyini söyləyib:
“Uşaqlığımız birlikdə keçib. Orta məktəbdə eyni sinifdə oxuyurduq. Hərbi məktəbə qəbul olduqdan sonra Yozqatdan çıxdı. Amma əlaqəmiz heç kəsilmədi. Tez-tez danışırdıq. Biz onun Baş qərargah rəisi olmasını gözləyirdik, şəhid oldu. Çox kədərliyik”.
Şəhid Ərbaşın doğulduğu 2 mərtəbəli tarixi evi göstərən M.Qurd deyib ki, o, 2007-ci ildə atasını, ötən il isə anasını itirib.
Nədənsə cənab Ərbaşın böyüdüyü evi görəndə bir cümlə keçdi qəlbimdən “ Balaca evlərdə, böyük generallar yetişir”.
Hər halda Milli qəhrəman Polad Həşimovu xatırladım. Türkün müqəddəs əsgərlərinin, ruhları şad olsun.Dərdiniz dərdimizdir, qardaşlar. Sizi bizdən yaxşı kimsə anlamaz. Başımız sağ olsun!