Sərhəddəki gərginlikdə Rusiya “izi”...- “Yeni gərginlik ocağı yaradır”

“Prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir”

“Və bu, Rusiyanın “hakim” roluna şərait yaradan amildir”

“Həmçinin bu təşkilata üzv olan türkdilli ölkələrin Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər”



“Azərbaycan Ordusunun işğal dövründə qanunsuz irəli çəkilmiş dövlət sərhədini bərpa etməsi Ermənistan tərəfindən gərginlik ocağına çevrilir. Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı, Ermənistan XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrova, ATƏT-in fəaliyyətdə olan sədrinə zəng etdi, sonra rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına “dövlət sərhədimizə müdaxilə var” iddiası ilə müraciət ünvanladı”.

 Bu sözləri siyasi analitik Asif Nərimanlı deyib. 

 O, bu barədə daha ətraflı “Sherg.az”a danışdı: 

“İrəvanın zəng trafikinin ardınca Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov məsələni müzakirə etdi.  Bayramov ATƏT sədri Ann Linde ilə də eyni mövzudan danışdı. Baş verənlər suallar yaradır və diqqəti prosesin təkcə İrəvandan idarə olunmadığı fikrinə yönəldir. Gərginliyin yaradılmasının Ermənistan hakimiyyətinin maraqları kontekstində birdən çox səbəbləri məlumdur.

Birincisi, müharibədən sonra dövlət sərhədinin bərpası ilə razılaşan Paşinyan seçkilərə getdiyi vaxt Ermənistan cəmiyyətində ajiotaj yaradan bu məsələdə geri çəkilmək istəmir və prosesin sonunda istədiyinə nail ola bilməsə belə, ən azından çalışdığını göstərə biləcək.

İkincisi, sərhədin bərpası qaçılmaz olacaqsa, KTMT-yə müraciət nəticəsiz qalacaq, lakin Paşinyan bundan seçkiöncəsi Rusiyaya sığınan əsas rəqiblərinə qarşı istifadə edə bilər. Üçüncüsü, KTMT-yə müraciət nəticə verməyəcəksə, Paşinyan seçkidən sonra bu faktı Rusiyadan uzaqlaşmaq üçün səbəb kimi göstərə bilər”. 

 O, proseslərdə Kremlin “əli olduğunu” faktlarla əsaslandırdı: 

“Lakin gərginliyin Lavrovun bölgəyə gəlişindən dərhal sonra yaşanması və məsələnin KTMT-nin gündəliyinə çıxarılması prosesdə rusların izinə diqqət çəkir. Mümkündür ki, Rusiya xarici işlər naziri regiona səfərində, xüsusilə Bakıda istəyinə nail ola bilmədi. Görüşdə səslənən fikirlər və rəsmi Bakının mövqeyi də bu fikri gücləndirir.

Beləliklə, Rusiya bölgədə zəifləyən təsir vasitələrini gücləndirmək üçün yeni gərginlik ocağı yaradır və bunun dövlət sərhədində olmasının uzaqmənzilli hədəfləri var.

Birincisi,  30 il ərzində Qarabağ münaqişəsindən Azərbaycan və Ermənistanı öz orbitində saxlamaq üçün istifadə edən Rusiyaya yeni münaqişə ocağı, ən azı mübahisəli məsələ lazımdır.

Üçtərəfli razılaşmalar və Azərbaycanın israrlı mövqeyi Qarabağda sülhməramlıların nəzarətindəki bölgələri uzunmüddətli perspektivdə alət olaraq istifadə etməyi çətinləşdirir.

İkincisi, istisna deyil ki, Lavrov sərhədlərin demarkasiyası məsələsini İrəvanda və Bakıda müzakirə edib və İrəvanda Ermənistanın, Bakıda Azərbaycanın mövqeyinə uyğun mövqe sərgiləyib. Bu, həmin bölgədə hər iki tərəfi öz mövqeyində israrlı olmağa həsəvləndirmək gedişi ola bilər.

Rusiya yaxşı bilir ki, bu bölgə SSRİ vaxtında da mübahisəli ərazi olduğu üçün iki ölkə tərəfindən müştərək qərarla qoruq kimi istifadə edilirdi. İndi bu bölgə Azərbaycan və Ermənistan sərhədində mübahisəyə çevrilə biləcək ən optimal ərazilərdən biri ola bilər.

Üçüncüsü,  yeni mübahisənin dövlət sərhədində yaradılması, prosesə KTMT-nin qoşulması Qarabağdan fərqli olaraq, məsələnin hərbi yolla həllini çətinləşdirir və bu, Rusiyanın “hakim” roluna şərait yaradan amildir.  Prosesə KTMT-nin qoşulması həm də təşkilata üzv olan türkdilli ölkələrin Bakı və Ankara ilə münasibətdə çətin vəziyyətə sala, Mərkəzi Asiyada güclənən türk birliyinin önündə maneələr yarada bilər.

Lavrovun gedişindən sonra sərhəddə yaranmış gərginlik və Ermənistanın KTMT-yə müraciəti Paşinyanın seçki planından daha çox, 30 ildə ilk dəfə Cənubi Qafqazda mövqeləri bu qədər zəifləyən rusların oyunu kimi görünür”.