Xocalının kənd təsərrüfatı potensialı yüksəkdir -TƏHLİL

Bu sahədə inkişafla şəhər daxilində əhalinin məşğulluğunu artırmaq mümkündür

"Böyük Qayıdış" proqramı Xocalı şəhərinin və ətraf bölgələrin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq

2024-cü ilin yekunları haqqında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətə götürülmüş ərazilərdə, o cümlədən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ötən dövr ərzində ölkə başçısının müəyyən etdiyi tapşırıqların icrası çərçivəsində iqtisadiyyatın bərpası, məskunlaşma, məşğulluğun təmin edilməsi, zəruri infrastrukturun yaradılması və bərpa-quruculuq sahəsində əhəmiyyətli işlər görülüb: “İlk növbədə ərazidə inzibati idarəetmənin təşkili, əhalinin müxtəlif sahələr üzrə ehtiyaclarının ödənilməsi və xidmətlərdən faydalanması məqsədilə bir çox dövlət orqanları və təşkilatlarının regional fəaliyyəti təmin edilib. Adıkeçən rayonlarda iqtisadi fəaliyyətin dəstəklənməsi, o cümlədən özəl sahibkarlıq subyektləri tərəfindən investisiyaların cəlb edilməsi sahəsində mühüm nailiyyətlər əldə edilib. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri cənab Prezidentin birbaşa nəzarəti altında həyata keçirilir və bu işlərlə yerində tanışlıq məqsədilə ölkə başçısı tərəfindən ərazilərə tez-tez səfərlər təşkil edilir. Cənab Prezidentin iştirakı ilə cari ilin 28 may tarixində Xocalı şəhərinə ilk 46 ailənin köçürülməsi ilə əraziyə keçmiş məcburi köçkünlərin geri qayıdışı prosesi start götürüb. Dekabrın 13-də Xocalının Ballıca kəndinə 27 və dekabrın 27-də isə daha 21 ailə köçürülüb.
Bundan başqa, ötən dövr ərzində ölkə rəhbərinin iştirakı ilə mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimi və açılışı baş tutub.
5 iyul 2024-cü il tarixli səfəri zamanı cənab Prezident tərəfindən Xocalı Hava Limanının ərazisinə baxış keçirilib və hava limanının fəaliyyətinin bərpası ilə bağlı tapşırıqlar verilib. Ərazinin logistik imkanlarının artırılması baxımından hava limanının fəaliyyətinin bərpası mühüm əhəmiyyət kəsb edir.
Xocalı şəhərində bərpa-quruculuq işlərinin davam etdirilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, abadlaşdırma və əhalinin geri dönüşü istiqamətində yaşayış məntəqələrində aparılan işlərin maliyyələşdirilməsi məqsədilə 2024-cü ildə ölkə başçısı tərəfindən bir sıra mühüm tapşırıqlar verilib”. 
Məlumatda bildirilib ki, 2024-cü ildə olduğu kimi 2025-ci ildə də müvafiq ərazidə bir sıra mühüm infrastruktur obyektlərinin istismara verilməsi, yeni xidmət obyektlərinin fəaliyyətə başlaması və yaşayış məntəqələrində bərpa-quruculuq işlərinin aparılması ilə keçmiş məcburi köçkünlərin geri qayıdışı planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Ordusunun ötən ilin sentyabrında keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizlənib. Bir zamanlar soyqırımı və dağıntılara məruz qalan Xocalının azad olunması xalqımız üçün ən əlamətdar hadisələrdən biri idi. Ona görə də Xocalının dərhal bərpasına başlanılması mənəvi baxımdan hər birimiz üçün böyük əhəmiyyət daşıyırdı.
Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə girərək bəşəri cinayəti–Xocalı soyqırımını törədiblər.
7 min əhalisi olan Xocalı şəhərinin 613 dinc sakini vəhşicəsinə qətil yetirilib. 1000 nəfər müxtəlif yaşlı sakin aldığı güllə yarasından əlil olub, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bu, sadəcə rəqəmlər deyil - bunlar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün kulminasiya nöqtəsi olmuş bəşəriyyət tarixindəki ən dəhşətli cinayətlərdən birinin faktları və sübutlarıdır.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında bu faciə xüsusi amansızlığına görə seçilir.
Otuz ildən çoxdur ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Vətən müharibəsinin gedişində Azərbaycan Respublikasının Silahlı Qüvvələri işğal altında olan 300-ə yaxın məntəqəni azad edib.
2023-cü ilin sentyabrın 19–20-də keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa edib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinə, Xocavənd, Şuşa, Xocalı, Ağdərə rayonlarına səfər edib, Əsgəran qalasında olub və orada Azərbaycan bayrağını qaldırıb. Həmin il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanda sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Yuxarıda da qeyd etdiyimiz kimi işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin irəli sürdüyü strateji yol xəritəsinə əsasən bərpa və quruculuq işləri geniş vüsət alıb.

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu “Şərq”ə açıqlamasında bildirib ki, "Böyük Qayıdış" çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir.
Onun sözlərinə görə, bu proqram Vətən müharibəsindən sonra öz evlərinə qayıdan keçmiş məcburi köçkünlərin bütün qayğılarının ödənilməsi baxımından çox əhəmiyyətlidir. Həm də yeni geosiyasi reallıqlar fonunda Azərbaycan vətəndaşının azad torpaqlara geri dönməsini əks etdirən konseptual proqramdır: “Konkret olaraq Xocalıya qayıdış prosesinə gəldikdə isə onu deyə bilərəm ki, Azərbaycan tarixində mühüm yer tutan bir şəhərdir və son illərin ən böyük faciəsi bu şəhərdə yaşanıb. Xocalı ermənilərin vəhşicəsinə dinc insanları öldürdüyü, öz evlərindən, dədə-baba torpaqlarından didərgin saldığı günləri daim bizə xatırladır. Xocalıya qayıdış keçən ilin 19-20 sentyabr ayında həyata keçirilən uğurlu antiterror əməliyyatı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz iradəsi, məğlubedilməzliyi, prinsipiallığının, güclü diplomatiyasının təntənəsidir. Bütün bunlar çox böyük uğur və nailiyyətdir. Əlavə sözə ehtiyac yoxdur! Allah dövlətimizi, xalqımızı, ordumuzu və Ali Baş Komandanımızı qorusun. Müzəffər Ali Baş Komandan tərəfindən Xocalıda, Xankəndidə və digər ərazilərimizdə ucaldılan şanlı bayrağımızın bu torpaqlarda günahsızcasına şəhid edilmiş övladlarımızın, şəhidlərimizin əziz xatirəsinə ən böyük töhfədir. Xocalıda indi Azərbaycan bayrağı qürurla dalğalanır. Erməni vandalizminin bütün izləri silinib. Xocalının əsl sakinlərinin qayıdışı, öz-dədə baba evlərində rahat yaşaması üçün zəruri tədbirlər, tikinti-quruculuq işləri həyata keçirilir. Ümumiyyətlə, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə daha da sürətlənir, “Böyük Qayıdış” proqramı uğurla icra olunur.
Şəhərin ətrafındakı zəngin kənd təsərrüfatı torpaqları, kiçik aqroparkların yaradılması və müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye və qida sənayesi obyektlərinin qurulması ilə şəhərin iqtisadiyyatı şaxələndiriləcək. Xocalının kənd təsərrüfatı potensialı yüksəkdir və bu sahədə inkişafla şəhər daxilində əhalinin məşğulluğunu artırmaq mümkündür. "Böyük Qayıdış" proqramı Xocalı şəhərinin və ətraf bölgələrin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Bu proqram çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərin sosial və iqtisadi infrastrukturlarının yenilənməsi və genişləndirilməsi nəzərdə tutulub”.