ÖZTÜRKmüzə dəyməyin! - Güllə yağışından çıxıb, söz “atəşinə" düşdü: Rus agenturası...

Vətən müharibəsi dövründə Azərbaycan müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək.  Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviçdir.
"Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalı olan layihədə Fulyanın və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə ediləcək. Çəkilişlər İstanbul, “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq.
Təəssüf ki, Vətən müharibəsində sözün əsl mənasında ürəyi Azərbaycanla olan qardaş ölkənin media təmsilçisi barədə çəkilən filmə tənqidi münasibət var. Əksəriyyət Fulya Öztürk haqqında film çəkilməsini düzgün hesab etmir. Maraqlısı budur ki, belə tənqidi fikirləri cəbhədə olmayan, müharibə faciələrinin canlı şahidinə çevrilməyən, o ağrıları dərisində yaşamayan media nümayəndələri səsləndirir. Təbii ki, bu münasibətin bir adı var: lazımsız, bir o qədər də utandırıcı qısqanclıq...

«Bəlkə elə bir iş ortaya qoyulacaq ki, yaxşı mənada əlimiz üzümüzdə qalacaq?!»

Lakin F.Öztürk barəsində filmi dəstəkləyənlər də çoxdur. Jurnalist Ağa Cəfərli Feysbuk hesabında yazıb:

"Fulya söhbəti bitmədi. Burda bir incə məqam var, heç kim bu məqamı tutmadı və yaxud əhəmiyyət vermədi. Söhbət ondan gedir ki, yaradıcı adamın işinə müdaxilə cəhdləri ən yüngül formada desək etik deyil. Sən bir rejissora deyə bilməzsən ki, filan şeydən çəkmə, filan şeydən çək. Yaxud yazıçıya demək olmaz ki, filankəsdən yazma, bəhmənkəsdən yaz. Əgər söhbət nazirliyin mövqeyindən gedirsə, yenə də bu qurumun filankəsdən çəkmə, başqa adamdan çək deməsi yaradıcı işə kobud müdaxilə olardı. Yaradıcı işə qiyməti sonda vermək olar, film, əsər bitəndən sonra. Bəlkə elə bir iş ortaya qoyulacaq ki, yaxşı mənada əlimiz üzümüzdə qalacaq?! Bəlkə yaradıcı heyətə təşəkkürlərin sayı-hesabı olmayacaq. Şəxsən mən ortaya yaxşı bir filmin çıxacağına əminəm, çünkü filmin rejissoru Tahir Tahirovic təcrübəli adamdır, işin ustasıdır. Səbrli olun. İnşallah, düzələr".

«Təkcə, Gəncədəki səhnəyə və həmin terrora görə bu film çox vacibdir!"

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) vitse-prezidenti Anar Şabanoğlu:

"Fulya Öztürklə bağlı məntiqsiz, arqumentsiz, paxıllıqdan başqa heç bir adı olmayan sərsəmləmələri gördüm Uels-İsveçrə matçındakı bir olay yadıma düşdü. 

Təsəvvür edin ki, pandemiyaya görə ölkəmizdə 1 ildən çoxdur tribunalara azarkeş buraxılmır. Bu qədər fasilədən sonra ilk dəfə şans yaranıb. Özü də, tarixdə ilk dəfə Azərbaycanda AÇ-nin final mərhələsinin oyunu keçirilir. 
Və tribunalar boş qalır... 

Daha böyük rəzillik isə himnlər səslənəndə tribunada oturan degeneratların ayağa qalxmaması idi. Bilirəm, böyük ehtimalla onlar heç bilmirdilər ki, himn çalınanda ayağa qalxmaq, bitəndə alqışlamaq lazımdı. Bu etikadı, estetikadı, mədəniyyətdi və s. 
Onların Uelsə və ya İsveçrəyə bir hörmətsizlikləri yoxdu, sadəcə belədilər. Maariflənmələri üçün də çox güman artıq gecdi... 

İndi istisna etmirəm ki, Fulyayla bağlı filmə görə üsyan edənlər də bu filmin yalnız türkiyəli xanım üçün deyil ölkəmiz üçün də nə qədər lazım olduğunu dərk etmir. Təkcə, Gəncədəki səhnəyə və həmin terrora görə bu film çox vacibdir!".

“Fulya bombanın altında reportaj edəndə siz liftdə selfi çəkdirir...”


Azərbaycan Jurnalistlər Birliyinin üzvü, jurnalist Elman Cəfərli:

"Rus agenturası 3 gün susdu. Lavrov danışandan sonra hərəkətə gəliblər. Türkiyədən, Şuşa Bəyannaməsindən qəzəblidirlər. Amma dilə gətirə bilmirlər. Ərdoğanın heyfini Fulya Öztürkdən çıxırlar. 
Fulya bizimkidir. Güllə yağışının altında işləyir, erməni vandalizmini ifşa edirdi. Siz də "sizinkilərdən" film çəkin. Əgər belə bir rus jurnalist olubsa...
Fulya bombanın altında reportaj edəndə siz liftdə selfi çəkdirir, vatsapda baldıza, eltiyə söz soxurdunuz. CNN Türkün müxbirinə söz “atrılar” Gedin Biləcəridən o yana baxılmayan kanalınızda dolmanızı bükün".

“Daşlanmalı, dışlanmalı, üzərinə gedilməli olan Fülya Öztürk deyil”

Tanınmış jurnalist Həbibə Abdulla da F.Öztürkü müdafiəyə qalxıb:


"Niyə Fülya Öztürk haqqında film çəkilir, öz jurnalistlərimiz haqqında yox" deyənlərin əksəriyyəti təəssüf ki jurnalistlərdir. Və o yoldaşlar bu fikri səsləndirərkən bir sadə həqiqəti bilərəkdən ya da bilməyərəkdən unudurlar ki, bizim jurnalistlərin 44 günlük Vətən Müharibəsi zamanı cəbhədə olmaq, məlumat vermək, yaralanmaq, ölmək Vətən qarşısında borcları idi. Fülya Öztürk isə peşəsinin arxasınca gəlib burda gerçək bir Azərbaycan sevdalısına çevrilib, ölüm-dirim anlarının içərisinə gözüyumulu atılıb. Obyektivlik jurnalistin ən vacib xüsusiyyətidir. Obyektiv olun, lütfən! Daşlanmalı, dışlanmalı, üzərinə gedilməli olan Fülya Öztürk deyil, bizi geri itələyib irəli verilən, amma yarıtmayan, sifarişlə, icazə ilə reportajlar hazırlayan, şəhərlərimiz bombalananda efirə içkili çıxan jurnalistlərdir. Elələrinə qarşı birlik olsaq haqqımızı ala bilərik”.