“Su müharibələri”nin ANONSU: ərzaq qıtlığı, qida və su çatışmazlığı, ölüm halları...

Ötənlərdə Prezident İlham Əliyev “su müharibəsi”nə indidən hazır olmağımız barədə mesaj verdi. Ölkə başçısı qeyd edib ki, bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcək:
“İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Bu su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi. Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliyə qayıtmışıq, Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq”.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlının “Sherg.az”a açıqlamasına görə, ölkəmizdə su problemi bir neçə ildir ki, müşahidə olunur və getdikcə kəskinləşir:

“Keçən il həm suvarmada, həm də içməli su təchizatında bunun fəsadları daha ağır formada müşahidə olundu. Qlobal elmi mərkəzlərin hələ 30 il qabaqdan verdikləri proqnozlara görə, getdikcə şirin su ehtiyatlarının azalması müşahidə olunacaq, əksər ölkədə suvarma və içməli su problemi kəskinləşəcək. Nəticədə, hətta su müharibələri baş verə bilər. Quraqlıq və su çatışmazlığı həm aqrar sektorda, həm də əhalinin su ilə təminatında problemləri artıracaq. Nəticədə ərzaq qıtlığı yaranacaq, qida və su çatışmazlığından ölümlərin sayı artacaq. Azərbaycan əhali və ərazisinə nisbətdə içməli su ehtiyatlarının az olduğu ölkələrdəndir. Su ehtiyatlarımızın da 70 faizi ölkə sərhədlərindən kənar mənbələrdə formalaşır. Müqayisə üçün deyim ki, Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var. Bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir. Bu kiçik müqayisə qlobal krizis yaranacağı halda həddən artıq böyük təhlükə ilə üz-üzə qalacağımızı deməyə əsas verir”.

Sosioloq qeyd edib ki, son 20 ildə dəfələrlə həyəcan təbili çalınsa da, müvafiq orqanların reksiyası adekvat olmayıb:

“Bəzi tədbirlər görülüb, lakin bu bizi gözləyən problemlərin qarşısını almaq üçün kifayət həddə deyil. Vaxtında lazımi tədbirlər görülmədi. İndi bu prosesin qarşısını qısa müddətdə almaq imkan xaricindədir. Qarşıdan qlobal quraqlıq, bununla bağlı da qida və su böhranı gəlir. İlk növbədə çalışıb bunun yaradacağı fəsadları kompensasiya etmək və alternativ su mənbələri formalaşdırmaq lazımdır. Bunun üçün dəfələrlə qeyd etdiyimiz kimi, çaylar üzərində çoxlu kiçik su anbarları yaradılmalı, mümkün olan ərazilərdə xeyli sayda artezian quyuları qazılmalı, dəniz kənarında su şirinləşdirici zavodlar tikilməli, sudan səmərəli istifadə təmin edilməlidir. Ölkəmizin su ehtiyatının 30 faizinin cəmləşdiyi Qarabağın su ehtiyatlarından istifadə genişləndirilməlidir. Yeni suvarma kanalları çəkilməli, yeraltı hövzələrdən effektiv istifadə təmin edilməlidir. Yəqin ki, sudan vacib heç nəyin olmadığını deməyə ehtiyac yoxdur. Ona görə də, 3-cü, 5-cü dərəcəli məsələlərin həllinə ayrılan vəsaitlərin bir qismini bu sahəyə yönəltmək lazımdır. Ölkədə yaşıllıq sahələri kəskin artırılmalıdır. Kiçik çayların qurumasının qarşısını almaq üçün tədbirlər görülməlidir. Ekoloji mühit sağlamlaşdırılmasa, problemin həlli mümkün olmayacaq. Fikrimcə, bu işlərin kompleks və effektiv aparılması üçün xüsusi dövlət proqramı həyata keçirilməlidir”.