Onlayn narkomaniya şəbəkəsi gəncləri ölümə sürükləyir

"Tik-tok", "instagram" və  "ok" sosial tətbiqləri uşaqlara birmənalı qadağa olunmalıdır


Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir. Cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya insan həyatında bərpası mümkün olmayan fəsadlar yaradan, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Təəssüf doğuran haldır ki, bu bəlaya ilk olaraq gənclər və yeniyetmələr yoluxur. Sirr deyil ki, narkotik maddə alverçiləri bu yaş kateqoriyasına aid olan insanları asanlıqla öz girovlarına çevirməyə nail olurlar. Bilirik ki, narkotik maddələr tələdir! Bu tələyə bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Lakin çox təəssüflər olsun ki,  dövlətimiz tərəfindən nə qədər mübarizə tədbirləri aparılsa da, bunun qarşısını tamamilə almaq mümkün deyil.

Narkotik maddə alverçiləri daha çox gəncləri məhv etməkdə maraqlıdır. Xüsusən 20-ci yüzilliyin sonu 21-ci əsrin əvvəllərindən başlayaraq yaşanan elmi-texniki tərəqqi narkotik vasitələrin də zaman məkan anlayışı tanımadan geniş relyefdə yayılmasına yol açılıb. Xüsusən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər qısa zaman ərzində psixoloji problemləri olan, düzgün tərbiyə üsulları ilə böyüməyən və sonda sosial şəbəkələrə üz tutan gənc nəslin “əməyindən” öz çirkin əməlləri üçün istifadə edirlər. Belə olan halda qeyd edilən tip insanlar narkotiklərin satışı ilə məşğul olan şəxslərin sosial şəbəkələrdə onlara narkokuryerlik etmək təklifini asanlıqla qəbul edirlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 nəfər üzvünü saxlayıb, 5 nəfər isə axtarışdadır. Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.

Məsələyə münasibət bildirən internet-media eksperti, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov "Şərq"ə açıqlamasında uşaqların və gənclərin internet təhlükəsizliyinin təminatı ilə bağlı bir çox addımların atıldığını bildirib. S.Abbasov bütün tədbirlərə baxmayaraq ciddi problemlərin olduğunu deyib:

"Bu bəla bütün dünyada aktualdır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr son 15 ildə ciddi uğurlar əldə etsələr də, uşaqların və gənclərin internet təhlükəsizliyini 100  faiz təmin edən mexanizm yoxdur. Ancaq biz uğurlu modelləri seçib, yeni reallıqlara uyğunlaşdırmaqla ciddi uğurlar əldə edə bilərik. Məsələn, Yaponiyada "Microsoft" şirkəti ilə birlikdə kütləvi, həm də ödənişsiz təlim proqramları illərdir həyata keçirilir. Eyni zamanda, "i-police" adlı məsləhət saytı yaradılıb. Bundan başqa Fransa, Almaniyanın da "interbet filterizasiya" proqramı illərdir ki, öz effektini verməkdədir".
Ekspert hesab edir ki, şəxsiyyət vəsiqəsi ilə giriş texniki olaraq mümkün görünsə də, ancaq effektivliyi sıfır olacaq: "Burada ən böyük yer Təhsil və Rabitə Nazirliyi üzərinə düşür. Rabitə Nazirliyi geniş filter həllərini tətbiq etməli, Təhsil Nazirliyi isə kütləvi şəkildə valideynlərlə birlikdə təbliğat maşınını işə salmalıdır. Artıq demək olar ki, bütün smartfonlarda "uşaq modu" funksiyası var. İlk növbədə valideyn uşağa smartfon alanda, mütləq şəkildə bu modu aktiv etməlidir. O zaman internet üzərindən gələcək bütün reklam, 18+ tətbiqlər, video və foto görüntülər smartfon tərəfindən bloklanacaqdır. Digər tərəfdən isə sosial şəbəkələr, xüsusən də,  "tik-tok", "instagram" və  "ok" sosial tətbiqləri uşaqlara birmənalı qadağa olunmalıdır. Belə tətbiqlər uşaqların və gənclərin sağlam formalaşmasının qarşısını alır. Bu mənada diqqətli olmalı, cərimə, polis nəzarəti və digər hüquqi qadağalar mexanizmi tətbiq olunmalıdır. İndiki halda bu sahədə ciddi boşluq və xaotik durum yaşanır".