İlqar Mirzəyevin həyat yoldaşı:"Məzar daşına sarılıb ağlamaq istəmirəm!" 

Deyirlər, zaman hər dərdin dərmanıdır. Mən belə düşünmürəm. Bəzi yaraların, dərdlərin qarşısında zaman da acizdir. Çünki onları vaxt keçdikdə unutmursan, yaran daha çox qanayır, sızlayır. Bizim millətin tarixi isə qurumayan yaralarla doludur. Birinin ağrısı səngiyir, sonra  köksümüzə yenə dağ çəkirlər.

Ötən ilin bu günü idi. Tovuz döyüşləri davam edirdi. Cəbhədən şəhid xəbəri gəldi: “General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha üç hərbçimiz ön xətdə qəhrəmancasına şəhadətə yüksəliblər”.
Elə yandı ki, ürəyimiz, odunu söndürə bilmədik. O acı ilə ayağa qalxdıq. Bakıda küçələrə axışıb, “Qarabağ” yürüşü etdik. Millət 30 illik qəflət yuxusundan oyandı.
İndi həmin gündən bir il ötür. Şəhidlik zirvəsinə ucalan milli qəhrəmanlar Polad Həşimovu, İlqar Mirzəyevi, mayor Anar Novruzovu, Namiq Əhmədovu, gizir Yaşar Babayevi sevgi və sayğı ilə yad edirik.

“Sherg.az” xəbər verir ki, şəhid polkovnikin həyat yoldaşı Güllü Mirzəyeva İ.Mirzəyevin adına açdığı Feysbuk profilində onu yada salıb:

“Ömrünün 29 ilini Vətənə həsr etdi. Ömrü Vətən yolunda şam kimi əridi.

Cənab polkovnik, hamı şəhadətindən 1 il ötdüyünü yazır. Doğrudanmı gedişinin 1 il oldu? O qədər zaman keçdimi?  Dünən kimidir, bu gün kimidir axı. Keçməyib, keçmir. Bayrağa sarılan tabutunun gəldiyi bir il oldumu?

İnanmaq istəmədiyim şeylər var. Biriləri silkələyə, oyada, “oyan” deyə, ən başa dönək. Məgər bizim heç Qarabağ dərdimiz də yoxmuş deyək. Heç kim heç yerə getməyibmiş. Bütün fəxri xiyabanlar yuxu imiş. Kaş, kaş… İnsan ömrü bu qədər "kaş ki"lərlə keçərmi, şəhid adam?! Qalx, nə olar, bircə dəfə qalx o məzardan, evinə dön. Olmaz belə! Bu qədər ayrılıq olmaz, olmasın...

Boğazımda düyünlənib qalan sözlərim, kimsə ilə paylaşa bilmədiyim kəlmələrim var.  Hamısının üzərinə ayrılığın qoxusu hopub. Fəryad edir hisslərim, insan nə qədər həsrət çəkər? Nə qədər gözləyər? Gedənlər də gəlmirlər axı! Vallah gəlmirlər!  Naşükür deyiləm, amma üst-üstə bu qədər şeylər də çəkilməz, dözülməz olur. Məzar daşına sarılıb ağlamaq istəmirəm! Məncə, çox şey də istəmirəm: bir yolluq dünyamıza gəl və bizi inandır ki, hər şey yaxşı olacaq. Yenə hər zamankı kimi susuram və susqunluğuma sadiqəm”.