Hər yerdə təhlükə var

Xocalıda mina təhlükəsizlik qaydalarına əməl olunmayıb

İstənilən halda, işğaldan azad edilmiş ərazilərdə olanlar təhlükəsizlik təlimatlarını Quran ayəsi kimi yaddaşına həkk etməlidir

İstənilən lokal və genişmiqyaslı müharibələrin başa çatmasından sonra həmin ərazinin ən böyük problemlərindən biri məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsindən ibarət olur. Ümumiyyətlə, mina problemi dünyada qlobal təhlükə sayılır. Müharibəyə və işğala məruz qalmış bir sıra ölkələr, o cümlədən Azərbaycan da bu prosesdən hələ də əziyyət çəkir. Ermənistan 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalayıb.

Sirr deyl ki, müharibədən sonra bir çox azərbaycanlı şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Qeyd edək ki, son 8 ay ərzində Azərbaycanda mina partlayışları nəticəsində 100-dən çox vətəndaşımız həlak olub və yaralanıb. Son belə bir fakt iyulun 21-də saat 23 radələrində Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində yaşanıb. Həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları - Tahir Mahmudov və Yasin Mehralıyev piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu barədə məlumat Xocalı Rayon Prokurorluğu tərəfindən təsdiqlənib.



Mövzu lə bağlı siyasi-şərhçi, jurnalist Aqşin Kərimov "Şərq"ə açıqlama verib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə bu günləri də mina təhlükəsinə qarşı təhlükəsizlik tədbirləri görülməkdədir:

"Lakin bəzən vətəndaşlarımız arzu və istəklərinə güc gələ bilməyib, həsrətini çəkdiyi torpaqlara gedirlər, oranı ziyarət etmək istəyirlər. Təbii ki, bu, normal hisslərdir. Maraq onları daha çox əraziyə getməyə həvəsləndirir, nəticədə isə minaya düşürlər. Bilirsiniz k, hazırda Qarabağ minalarla zəngindir, üstəgəl, partlamamış sursatlar da var ki, onlar da təhlükə yaradır. Xocalıdakı hadisəyə gəlincə, burda dəqiq mühakimə yürütmək çətindir.  Versiya kimi isə onu irəli sürmək olar ki, ya təhlükəsizlik qaydalarına əməl olunmayıb, ya da ki, mina təhlükəsi həmin əməkdaşlara lazımi dərəcədə çatdırılmayıb. Yəqin ki, istintaq məsələni araşdıracaq. İstənilən halda, işğaldan azad edilmiş ərazilərdə olanlar təhlükəsizlik təlimatlarını Quran ayəsi kimi yaddaşına həkk etməlidir. Tanış olmayan yerlərə getmək, şübhə yaradan əşyalara qəti isə toxunmaq olmaz!".