Düşmən əndişədədir

Azərbaycan-Türkiyə-Pakistan arasında güclü ittifaq yaranır

Yaxın gələcəkdə hərbi-siyasi müttəfiqliyin şahidi olacağıq


Dünən Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova Birinci Üçtərəfli Görüş çərçivəsində imzalanan Bakı Bəyannaməsi ilə bağlı tərəflərin bütün təklifləri nəzərə alınıb. Daha sonra spiker Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Bakı Bəyannaməsini imzalayıblar. S.Qafarova bildirib ki, imzalanan üçtərəfli format və Bakı Bəyannaməsi ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. 

“İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir”

Milli Məclis sədri Sahibə Qafarova vurğulayıb ki, ikili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir: “2020-ci il Azərbaycan tarixinə Şanlı Zəfər ili kimi daxil olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanıb, torpaqlarını işğaldan azad edib. İkinci Qarabağ savaşında Türkiyə və Pakistan Azərbaycana dəstək verib. Türkiyə və Pakistan işğalçı Ermənistanla diplomatik əlaqələr də qurmayıb. Biz buna görə qardaş Türkiyə və Pakistana minnətdarıq. Biz də beynəlxalq platformalarda bu qardaş ölkələri dəstəkləmişik”. Sədr nəzərə çatdırıb ki, beynəlxalq münasibətlərdə ikili standartlar hələ də qalmaqdadır: “İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir. İnanıram ki, bu gün əsasını qoyduğumuz üçtərlfi format qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək. Parlamentlər arasında sıx əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlarımızı müdafiə edəcəyik”.

“Zəngəzur dəhlizi Pakistandan Türkiyəyə yeni koridoru təmin edəcək”

Spiker bəyan edib ki, Zəngəzur dəhlizi həm də qardaş Pakistandan Türkiyəyə, Azərbaycana qədər yeni koridoru təmin edəcək. S.Qafarova deyib ki, bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır: “Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir. Bildiyiniz kimi, Xəzər dənizi vasitəsilə Əfqanıstan və Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir. Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcək. Bu, tarixən bir-birinə yaxın olmuş xalqlarımız arasında əlaqələrin yenidən canlanmasını təmin edərək, onların rifahının yüksəlməsinə böyük töhfə verəcək”. Spiker qeyd edib ki, üçtərəfli format çərçivəsində görüşlərin davamlı keçirilməsi vacibdir: “Bu platforma ölkələrimizin daha sıx birləşməsinə imkan yaradacaq. Üçtərəfli görüş çərçivəsində Bakı Bəyannaməsi qəbul ediləcək. Bəyannamədə parlamentlərarası dialoq, ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, beynəlxalq təşkilatlarda birgə addımlar atmaq, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin təmin olunması əhəmiyyətli olacaq. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsinə dəstəyi də mühüm hesab edirəm”.

“Azərbaycan-Pakistan-Türkiyə münasibətləri xalqlarımız arasında qarşılıqlı etimada söykənir”

Parlament sədrinin sözlərinə görə, bu formatda ilk görüş tarixdə öz yerini tutacaq: “Azərbaycan, Pakistan və Türkiyə münasibətləri xalqlarımız arasında qarşılıqlı etimada söykənir. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqları mövcud müttəfiqlik münasibətlərinin gücləndirilməsi zərurətini irəli sürür”.

“Bakı Bəyannaməsi bölgəmizin təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək”

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib ki, görüşün Bakıda keçirilməsi çox sevindiricidir: “İnanıram ki, bu formatda görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq. Bu, bölgəmizin təhlükəsizliyi və əminamanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri institutlaşdırmaq baxımından bu sənəd mühüm rol oynayır”.

“Müharibəni uduzan Ermənistanın imzaladığı anlaşmanın şərtlərini yerinə yetirəcəyinə inanırıq”

Mustafa Şentop deyib ki, müharibəni uduzan Ermənistanın imzaladığı anlaşmanın şərtlərini yerinə yetirəcəyinə inanırıq: “Ermənistanın Azərbaycanın sülh anlaşması çağırışına cavab verməsi vacibdir. Şimali Kipr probleminə də toxunan Mustafa Şentop qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin təkliflərinin sülhü təmin edəcəyinə əmindirlər: “Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinin 20 iyulda Şimali Kiprə səfərini yüksək dəyərləndirir və bu kimi səfərlərin artacağını gözləyirik. Pakistanın da bu məsələdə mövqeyinin Şimali Kipr üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etmək istəyirəm”.

“Ölkələrimiz və bölgəmizə təhdidləri dəf etmədən inkişaf mümkün deyil”

TBMM rəhbəri qeyd edib ki, Türkiyə xalqlarımızın səadəti və kədərinin bir olduğunun fərqindədir: “Üç qardaş ölkənin parlament sədrləri olaraq ilk dəfə Bakıda üçtərəlfi formatda görüş keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı ilə Zəfər qazanıb, bayraqlarımız yan-yana yer alıb. Şəhidlərə rəhmət diləyirəm. Ölkələrimiz və bölgəmizə təhdidləri dəf etmədən inkişaf mümkün deyil. Müdafiə, nəqliyyat, ticarət, enerji, təhsil sahəsində fəaliyyət üçlü əməkdaşlığın təməl daşları olduğunu düşünürük. Şuşa Bəyannaməsini bu yolda atılmış və bünövrə sayılacaq addım sayırıq. Bu gün Bakı Bəyannaməsini imzalayacağıq. Bakı Bəyannaməsində bəyan etdiyimiz məqsədləri həyata keçirmək üçün parlamentlərimizdə müvafiq strukturlar formalaşdıracağımıza inanıram”.

“Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib”

Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər bildirib ki, Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib: “Bu ilin yanvarında İslamabadda üç ölkənin xarici işlər nazirlərinin ikinci görüşü keçirilib. Parlament sədrlərinin üçtərəfli formatının da uğurla fəaliyyət göstərəcəyinə əminəm”. Ə.Qeysər 44 günlük Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib. Özüm üçün də xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayrağı ilə birgə Azərbaycanda dalğalanıb. Mən bütün şəhidlərə rəhmət diləyirəm. Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür edirəm ki, Camu və Kəşmir məsələsində Pakistana dəstək veriblər”.

“Üç ölkənin yaxınlaşması hərbi-siyasi ittifaqla yekunlaşmalıdır”

Politoloq Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Azərbaycan, Türkiyə, Pakistan əməkdaşlığı, əlaqələri hər addımda yeni müstəviyə çıxmaqdadır. Analitik bildirib ki, üç qardaş və dost ölkənin əməkdaşlığı 44 günlük Vətən savaşından sonra daha genişmiqyaslı hal alıb:

“Üç dövlət arasında Bakı Bəyannaməsinin imzalanması olduqca mühümdür. Münasibətlərimiz bu cür davam edərsə, yaxın gələcəkdə hərbi-siyasi müttəfiqliyin şahidi olacağıq. Azərbaycan-Türkiyə-Pakistan arasında güclü ittifaq formalaşacaq. Hər üç ölkədən birinə təhlükə yaranarsa, digər iki dövlət avtomatik olaraq məsuliyyəti öz üzərinə götürəcək. Hətta bununla bağlı konkret sazişin imzalanması da mümkündür. Üç ölkə arasında hərbi-siyasi müttəfiqliyimizin hər baxımdan rəsmiləşməsi lazımdır. Türkiyə dünyanın aparıcı ölkələrindəndir, NATO-da söz sahibidir. Pakistan isə nüvə silahına malik ölkədir. Bu iki dost ölkənin Azərbaycanla sıx əlaqədə olması rəsmi Bakının maraqlarına tam cavab verir. Yaxınlaşma daha sürətlənməli və hərbi-siyasi ittifaqla yekunlaşmalıdır”.