Qarabağ Zəfəri xüsusi əhval-ruhiyyə yaradıb

Qələbədən sonra zabit peşəsini özünə həyat yolu seçənlərin sayı xeyli artıb

"Ermənistanla təmas xəttində xidmət keçən gənc hərbçilər yüksək məvaciblə təmin olunacaq. Onlara əlavə ödənişlər də veriləcək"


Müdafiə Nazirliyi “ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbula başlayıb. Nazirlikdən verilən məlumata əsasən, orduda zabit kimi xidmət göstərmək istəyən 28 yaşadək olan vətəndaşlar avqustun 9-dan 30-dək müvafiq sənədlərlə birlikdə Təlim və Tədris Mərkəzindəki qəbul komissiyasına müraciət edə bilərlər. Namizədlər müddətli həqiqi hərbi xidməti başa vurmuş ali təhsilli şəxslərdən ibarət olmalıdır.

Hərbi Həkim Komissiyasında yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılacaqlar. İmtahanlarda gənclərin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətləri öyrəniləcək. Kursu müvəffəqiyyətlə başa vuran kursantlar “leytenant” hərbi rütbəsi ilə hərbi xidmətə qəbul olunacaq və ixtisaslarına uyğun vəzifələrə təyin ediləcəklər. 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Şərq”ə açıqlamasında bildirib ki, 44 günlük müharibədən və Qələbədən sonra zabit peşəsini özünə həyat yolu seçənlərin sayı xeyli artıb. Ekspertin sözlərinə görə, möhtəşəm Zəfər gənclərdə xüsusi əhval-ruhiyyə formalaşdırıb:

“Nəzərə alaq ki, 30 ilə yaxın işğalda olan ərazilərimiz azad olunandan sonra orada yeni hərbi hissələr yaradılıb. Prezident İlham Əliyev Silahlı Qüvvələrinin sayının artırılacağı ilə bağlı proqnozlar vermişdi. İşğaldan azad olmuş yeni ərazilərimiz hərbi hissələr və zabitlərlə təmin olunmalıdır. Yüksək hazırlıqlı kadrlara ehtiyac var. Əslində Müdafiə Nazirliyi mütəmadi bu cür elanlar verir və ehtiyat zabit kursları təşkil edir. Əsasən də, orduya ali təhsilli kadrları cəlb edirlər. Bununla Azərbaycanın ehtiyat kadr rezervi yaranır. Gənc kadrlar istədikləri müddət ərzində orduda qalıb xidmət göstərə bilirlər. Bəziləri bilmədən danışır və iddia edirlər ki, guya vəziyyət yaxşı deyil, ona görə hərbi kurslar elan olunub və s. Qətiyyən belə deyil. Azərbaycanın 200 min ehtiyat hərbi qulluqçusu var və istənilən an əmrə hazır vəziyyətdədirlər. Təlim Tədris Mərkəzinin kurslarında müxtəlif ixtisaslara görə kursları başa vuran gənc kadrlar “leytenant” rütbəsi ilə Qarabağda xidmətə cəlb olunacaqlar”. 

Ü.Cəfərov vurğulayıb ki, bu il Dövlət Sərhəd Xidmətinin may buraxılışı olan gənc zabitlərin 99 faizi işğaldan azad edilmiş ərazilərdə xidmətə göndərilib:

“Gənc zabitlər böyük həvəslə Qarabağa xidmətə yollanıblar. Ali Hərbi Məktəbin kadr potensialı kifayət etmir. Ona görə də qısa müddət ərzində əlavə kadrların hazırlanmasına qərar verilib. Gəncləri həmin kurslara yazılmağa dəvət edirəm. Nəzərə alaq ki, “leytenant” rütbəsi almaq üçün 4 il təhsil almaq lazımdır. Kurslara müraciət edən namizədlərin ali təhsili olduğuna görə, üç aylıq təlimdən sonra “leytenant” rütbəsi ala biləcəklər. İşğaldan azad edilmiş ərazilərdə və Ermənistanla təmas xəttində xidmət keçən gənc hərbçilər yüksək məvaciblə təmin olunacaq. Onlara əlavə ödənişlər də veriləcək. Vacib və uğurlu addımdır”.