"Rusiyanın Azərbaycana məxsus olan kəndlərdə öz hərbi kontingentini yerləşdirməsi yolverilməzdir"
“Rusiya hərbi qüvvələri Qazaxın işğalda olan Əskipara kəndi ərazisində yerləşib”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi labüddür:
“Xüsusilə Ermənistanın işğalı altında olan Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi Azərbaycana təhvil verilməlidir. Məhz Ermənistan tərfinin bu kəndləri işğalda saxlaması 10 noyabr birgə Bəyannaməsinə ziddir. Ermənistan tərəfi göründüyü kimi bu kəndlərin geri qaytarılmasında tərəddüd edir və delimitasiya prosesində maraqlı olmadığını göstərir. Əgər Azərbaycanın bir neçə kəndi işğal altındadırsa, Azərbaycan sərhəddə əməliyyatlar keçirib kəndləri azad etməlidir. Bu, Azərbaycanın hüququdur. Necə ki, Zəngilanın Şurnux kəndində əməliyyatlarla bu prosesi reallaşdırdı. Belə əməliyyatlar Qazax və Naxçıvan istiqamətində aparılmalıdır”.
Ekspertin sözlərinə görə, Ermənistan tərəfinin həmin kəndləri Azərbaycana qarşı şərt kimi irəli sürməsi mümkündür:
“Əsasən Qarabağda etnik ermənilərin “status”məsələsini irəli sürməklə, prosesi uzada bilərlər. Azərbaycan üçün “status” məsələsi bitdiyinə görə Ermənistan anklav kəndləri boşaltmaya bilər. Qazaxın işğal altında olan Əskipara kəndi ərazisinə Rusiya hərbiçilərinin yerləşməsi Azərbaycanın mümkün hərbi əməliyyatlarının qarşısını almağa hesablanıb. Azərbaycan Rusiyaya nota verməli və izahat tələb etməlidir. Rusiyanın Azərbaycana məxsus olan kəndlərdə öz hərbi kontingentini yerləşdirməsi yolverilməzdir”.