Prosesin uzanması rusların qarşısında alternativləri gücləndirir və Paşinyanın şantaj imkanlarını genişləndirir
“Rusiya XİN-in rəsmisi Aleksandr Bikantov bildirib ki, Azərbaycan-Ermənistan sərhədi boyunca rus sərhədçilərin yerləşdirilməsi mümkün deyil, çünki sərhədin demarkasiyası həyata keçirilməyib”.
Bu barədə “Sherg.az”a siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, Moskva bununla Paşinyanın “sərhədçilərin və KTMT-nin monitorinq qrupunun gəlişi” istəyini rədd edir və öz planını işə salır:
“Rusiyanın Azərbaycan-Ermənistan sərhədində dayanması bölgədəki strateji maraqları baxımından əhəmiyyətlidir. Xüsusilə Qarabağ münaqişəsinin həllindən sonra bunun reallaşması da Moskva üçün hava-su kimi lazımdır. Lakin sərhədlər müəyyənləşmədən bunu etmək Moskvaya sərf etmir. Bununla vasitəçi yox, tərəf ola bilər və ermənilər üçün sərhəd müqaviləsinin günahkarına çevrilər. Rusiyanın istəyi sərhədin delimitasiya və demarkasiya prosesinin yekunlaşması, ardınca bölgəyə yerləşməkdir. Prosesin uzanması rusların qarşısında alternativləri gücləndirir və Paşinyanın şantaj imkanlarını genişləndirir. Misal üçün, Fransa ordusunun bölgəyə gətirilməsi kimi və s. Bu baxımdan, rusların tezliklə Paşinyanı Moskvaya aparacağı və sərhəd müqaviləsini imzalamağa məcbur edəcəyi gözləniləndir”.