Prezidenti İlham Əliyev “CNN Türk” televiziyasının müxbirinə müsahibəsində Laçın dəhlizi ilə bağlı bəzi iddialara münasibət bildirib. O, deyib ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Təəssüf ki, bu günə qədər davam edir. Biz bir neçə dəfə şifahi qaydada öz iradlarımızı bildirmişdik. Ancaq bunun nəticəsi olmadı, ona görə biz rəsmi qaydada bunu bildirdik.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Siz Şuşada olarkən Laçın dəhlizini görə bilərsiniz. Orada bir yer var, yuxarıdan bütün avtomobillər görünür. Oradan məsafə, bəlkə də, 10 metrdir. Bizim orada təbii ki, texniki vasitələrimiz, kameralarımız var. Biz Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik. Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.
Ehtiyatda olan general, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz dövlət başçısının fikirlərini “Sherg.az”a şərh etdi:
“Ermənistan 10 noyabr razılığının şərtlərinə əməl etmir. Sülhməramlıların nəzarəti, Rusiya və İranın dəstəyi ilə Qarabağda hansısa yeni status yaratmağa cəhd göstərilir. Əlbəttə, Azərbaycan sənəddəki şərtlərin yerinə yetirilməsini, bölgədə sabitliyin təmin olunmasını istəyir. Lakin ermənilər zaman qazanmaqdan ötrü sərhəddə təxribatlar törədirlər. Bu, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan- Türkiyə regional ittifaqının qlobal ittifaqa çevrilməsini zəruri edir. Belə davam edərsə, Bakı Qarabağda ərazi bütövlüyünü tam təmin etmək məqsədilə istənilən addımı ata bilər. Biz üç min şəhid hesabına qazandığımız qələbəni bir daha təsdiqləməkdən çəkinməyəcəyik. Çünki beynəlxalq hüquqa görə bu, ən təbii haqqımızdır. Ali Baş Komandanın müsahibəsi ermənipərəst qüvvələrə sonuncu xəbərdarlıq idi”.